...

Pirallahı qəsəbəsi sürətli inkişaf dövrünü yaşayır (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2013 16:13 (UTC +04:00)
Ölkəmizin iqtisadi və maliyyə imkanlarının günbəgün artması mühüm sosial-qitisadi layihələrin icrasını sürətləndirir
Pirallahı qəsəbəsi sürətli inkişaf dövrünü yaşayır (FOTO)

Rauf Əliyev, Milli Məclisin deputatı

Ölkəmizin iqtisadi və maliyyə imkanlarının günbəgün artması mühüm sosial-qitisadi layihələrin icrasını sürətləndirir.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə dövlət başçısı İlham Əliyev əldə olunan uğurları statistik rəqəmlər əsasında diqqətə çatdıraraq bu fikri xüsusi olaraq bildirmişdir: "Azərbaycan böyük tikinti meydançasıdır, Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik. Proqram üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarımızı da artırırıq." Cari ilin də uğurla başa vurulacağına əminlik məhz bütün proqramların vaxtında uğurla icra edilməsindən irəli gəlir. Ölkə Prezidentinin daim bildirdiyi kimi, bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə, strateji istiqamətlər düzgün müəyyənləşdirilir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır- maliyyə resursları və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həllinə zəmin yaradır.

Ölkənin hərtərəfli inkişafında iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətli rolunu önə çəkən cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərdiyi diqqət uğurlu nəticələrdə öz təsdiqini tapır. Uğurlu neft siyasəti bugünkü inkişafın təməlində dayanır. Məhz bu siyasət böyük maliyyə resurslarının yaradılmasına geniş imkanlar açır ki, bundan da səmərəli istifadə nəticəsində həm insanların rifah halının yaxşılaşdırılması, həm də ölkəmizin inkişafının uğurlu və uzunmüddətliliyi təmin edilir.

Hər bir ölkənin inkişafında iqtisadi amil mühüm rol oynayır. Əbəs yerə iqtisadiyyat inkişafın təməl daşı kimi dəyərləndirilmir. İqtisadiyyatın inkişafı isə uğurlu sosial-iqtisadi islahatlardan asılıdır. Bu islahatlar zamanın tələbinə uyğunlaşdırıldıqda uğurların davamlılığı üçün zəmin yaranır. Malik olduğu zəngin təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi qüdrətini və maliyyə imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı baxımından da xüsusi diqqət çəkir. Cari ilin ötən dövründə qeyri-neft sektorunda artım 11 faiz təşkil etmişdir. Ümumi daxili məhsul 5 faiz artmışdır. Bir əsas məqamı qeyd edək ki, qarşıdakı on il üçün əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirməkdir. Bu günün sosial-iqtisadi göstəriciləri növbəti on il üçün qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Bu gün beynəlxalq səviyyədə inkişafın Azərbaycan modelinin mövcudluğundan geniş bəhs olunursa və onun tətbiqinin vacibliyi bildirilirsə, bu onu göstərir ki, həyata keçirilən siyasət uğurludur, seçilən yol düzgündür. Beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın uğurlu siyasətinin nəticəsi olaraq xarici yardımdan asılı olmayan, özünü təmin edən ölkə olmasının faktlar əsasında qeyd edilməsi də ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan 2009-cu ildən dünyanı bürüyən, nəticələri bu günə qədər gəlib çıxan iqtisadi və maliyyə böhranından uğurla çıxdı. Həmin illərdə, yəni 2009-cu ildə iqtisadi artım 9,3 faiz, 2010-cu ildə 5 faiz olmuşdur.
Əvvəldə də qeyd etdiyimiz kimi, uğurların əldə olunmasında mühüm amillərdən biri hər sahə üzrə konkret proqramların qəbulu və uğurlu icrasıdır. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər bu gün bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə ildə çox sürətlə inkişaf etmişdir. Belə ki, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı""nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilmiş, yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. Prezident İlham Əliyev mütəmadi olaraq Bakının rayonlarında və qəsəbələrində olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Bu işlərin davamlılığını təmin etmək üçün Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixili sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiqləndi.

Qeyd edək ki, Dövlət Proqramının qəbulundan öncə Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə bu inam ifadə edilmişdir ki, Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək. Bunun üçün birgə səylərin göstərilməsinin vacibliyi önə çəkilmişdir: "Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə görülsün."
Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bildirmişdir ki, Proqramın icrası ilin sonuna qədər başa çatmalıdır. Bakı şəhərində quruculuq işləri davam edir, infrastuktur layihələri icra edilir, məktəb, tibb ocaqlarının tikintisi davam edir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir. Yolların tikintisinə xüsusi diqqət yetirilir. Dövlət başçısı bu diqqəti belə əsaslandırır ki, yol olmasa, heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından söhbət gedə bilməz.
Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün rayonlar arasında sağlam rəqabət gedir. Sevindirici hal həm də budur ki, görülən işlər ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır və hər kəs həyata keçirilən quruculuq, abadlıq işlərinə, rayonun inkişafına öz töhfəsini verməyə çalışır. Birgə səylər uğurlara yol açan əsas amillərdəndir.
Bu inkişaf, tərəqqi dövlət başçısı İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq Pirallahı, Cilov və Neft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonunda da geniş vüsət alıb. Rayonun cari ilin ötən dövründə əldə etdiyi sosial-iqtisadi göstəricilərinə, görülən işlərə diqqət yetirdikdə sürətli inkişafın reallıq olduğunu təsdiqləmiş olarıq.

Qeyd edək ki, ərazisi 34,96 kv.km olan rayonda cari ilin birinci yarısında əhalinin sayı 47 nəfər artaraq 18273 nəfərə çatıb. Əhalinin say tərkibi işlərin miqyasında mühüm rol oynayan amillərdəndir. Bir əsas məqamı nəzərə alsaq ki, dövlətin həyata keçirdiyi siyasətin önündə Azərbaycan vətəndaşı dayanır, onların problemlərinin həlli dövlət məmurunun qarşısında mühüm vəzifə kimi qoyulur, bu rəqəmin daşıdığı önəm özünü qabarıq şəkildə büruzə verir.
Qəsəbənin simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar da rayon sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib.
Yolların kənarında yaşıllıq zolaqları genişləndirilir, dəmir köşklər götürülür, zəbt olunmuş ərazilərin boşaldılması və təmizlənməsi işləri davam etdirilir. Qəsəbənin əsas magistral yolunda asfalt döşəmə işləri aparılmış, piyada keçidləri müəyyən edilmişdir. Sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə yol kənarı səkilərin təmirinə başlanmışdır. Burada əsas işlərə paralel olaraq səkilər boyu yaşılıqların və qazonların salınması da nəzərdə tutulub.
Qəsəbədə uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün də davamlı tədbirlər həyata keçirilir. Belə ki, "Uşaq əyləncə parkında" futbol meydançasının tikintisi başa çatdırılmış, parkın ərazisi abadlaşdırılmış, müxtəlif attraksionların yerləşdirilməsi işləri həyata keçirilmişdir. Eyni zamanda "Gənclər Mərkəzi"nin tikintisinə hazırlıq işləri görülür.
Qeyd etdiyimiz kimi, bu işlər bir məqsədə xidmət edir ki, insanların rahat yaşayışı təmin edilsin. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illlərdə sosial-iqtisadi inrkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında bildirmişdir: "Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə? Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd."

Bu gün Azərbaycanın hər bir bölgəsinin, paytaxın hər bir rayonunun sürətli inkişafı təbii ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısından, həmçinin tapşırıqlarının hər bir rayon rəhbərliyinin ictimaiyyətlə birgə səyləri əsasında icrasından irəli gəlir. Ölkə Prezidenti bildirir ki, hər bir rayon, kənd, qəsəbə iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Möhtərəm Prezidentimizin ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamları əsasında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bu diqqət və qayğının təzahürüdür. Dövlət başçısı bütün çıxışlarında bildirir ki, hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir: "Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət."

Sözsüz ki, bu amillərin vəhdətliyi fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunur. Bakı şəhər inzibati ərazi vahid tərkibində yeni yaradılmış Pirallahı rayonunun qısa müddətdə qazandığı uğurlar da rayon rəhbərliyinin, eyni zamanda rayonun parlamentdə təmsilçilərinin sakinlərlə birgə səylərinə, əldə olunan müsbət nəticələrin yüksək səviyyədə dəstəklənməsinin növbəti addımlara stimul verməsinə əsaslanır.

Sosial məsələlərin həlli istiqamətində ciddi addımlar atılır. Qəsəbə sakinlərinin suya olan tələbatının ödənilməsi üçün görülən işlər öz müsbət nəticəsini verir. Belə ki, Zirə qəsəbəsindən adaya gələn mövcud su kəmərinə qanunsuz qoşulmuş xətlərin kəsilməsi suyun həcminin 3 dəfəyədək artmasına səbəb olmuşdur ki, bu da sakinlərin su ilə təminatına öz müsbət təsirini göstərir. "Azərsu" ASC-nin yaxından köməyi ilə rayona 2 ədəd su maşının alınaraq qəsəbə sakinlərinin ixtiyarına verilməsi də bu məqsədə xidmət edir. Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır ki, bu işlərin cari il ərzində başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda Zirədə tikilmiş 30 min kubmetrlik 3 ədəd su anbarından Pirallahı istiqamətində magistral su kəmərinin tikintisinə başlanmış, hazırda işlər sürətlə davam etdirilir. Onu da qeyd edək ki, cari ilin mart ayından başlayaraq rayonunun Pirallahı qəsəbəsinin 5 məhəlləsinin daxili su xətləri yenidən çəkilib.
Digər qəsbələrdə olduğu kimi Pirallahıda da əhalinin qaz təminatının yaxşılaşdırılması prioritet məsələlərdəndir. Qaz xətləri yeniləşdirilir, eyni zamanda yeni yerüstü borular tikilir. İşlər davamlılığı ilə diqqət çəkir.

Qəsəbədə mədəniyyət evlərinin, idman komplekslərinin, məscidlərin əsaslı təmiri və tikintisi işləri də sürətlə həyata keçirilir. Görülən işlərin ümumiləşdirilmiş ifadəsi budur ki, qəsəbə sürətli inkişaf dövrünü yaşayır. Rayon mərkəzi olaraq Pirallahı qəsəbəsinin gələcək inkişaf perspektivinin kompleks şəkildə və planauyğun həyata keçirilməsi məqsədilə ilkin olaraq qəsəbənin baş planının hazırlanması istiqamətində tədbirlər görülür.

Bir rayonun timsalında təqdim olunan inkişaf, tərəqqi bu fikri söyləməyə əsas verir ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə bu, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin insanların gündəlik həyatında özünü büruzə verir. İqtisadiyyatın güzgüsü isə dövlət büdəcsidir. Dövlət büdcəmizin ildən-ilə artması sosial-iqtisadi islahatların uğurlu icrasından xəbər verir. Artıq qeyd olunduğu kimi, cari ildə Bakı və Bakıətrafı qəsbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası başa çatır. Uğurlu nəticələr, eyni zamanda qarşıya qoyulan hədəflər yeni Dövlət Proqramlarının qəbulunu zərurətə çevirir. Qəbul olunan Proqramların uğurlu icrasında əsas məqsəd Azərbaycanın iqtisadi qüdrətini daha da artırmaq, hərtərəfli inkişafını sürətləndirmək, əhalinin sosial müdafiəsini yüksək səviyyədə təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti