...

BAKI-2015: hər gün bir xəbər - Azərbaycana qarşı qarayaxma üçün Qərb mətbuatına hər gün yeni mövzu tələb olunur

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 10:47 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Avropa Oyunlarının başlamasından hələ xeyli əvvəl Azərbaycana qarşı qarayaxma kampaniyasına start vermiş bəzi qərb dairələri ən iyrənc metodlardan da çəkinmir. "Bütün vasitələr məqsədə bəraət qazandırır" prinsipindən çıxış edənlər bu kampaniyanın davamlı olması üçün mümkün olan və olmayan bütün vasitələrə əl atırlar.

Amma həyatda hər şey tükəndiyi kimi, mövzular da azalır. Azərbaycanda "insan hüquqlarının pozulması" barəsində əsassız iddiaları istismar edən qərb mediası, hazırda Azərbaycana qarşı istifadə edə biləcəyi mövzu çatışmazlığından əziyyət çəkir. Peşəkar jurnalistikada eyni məzmunlu mövzuya 2-3 ay ərzində təkrar-təkrar qayıtmaq ənənəsi olmasa da, Azərbaycana münasibətdə bu prinsip də pozulur - eyni üslübda və formada yazılmış "tutuquşu" stilli yazıların ardı-arası kəsilmir.

Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gələn qərb jurnalistlərindən birinin özünün etiraf etdiyi kimi, artıq eyni mövzunun təkrar-təkrar işıqlandırılması qəzetlərin oxucu auditoriyasını da bezdirib. Qərb oxucuları dərk edirlər ki, onların rəyini məqsədyönlü şəkildə antiazərbaycan istiqamətinə yönəltmək üçün cəhdlər edilir.

İnsan hüquqları mövzusundakı uydurmalaların artıq nəticə vermədiyini və Avropa Oyunlarının möhtəşəm açılış mərasimi ilə bu antitəbliğat kampaniyasının tamamilə kölgədə qalacağını görən qərb mediası, uğursuz şəkildə hər gün nəsə uydurmağa çalışır. Gəlin sadəcə son bir neçə gündə onlar tərəfindən müraciət edilən "tənqidi" mövzuları təhlil edək.

"Red Pepper" adlı sarı mətbuatın nümayəndəsi kimi Avropa Oyunlarını "işıqlandırmaq" üçün Azərbaycana səfərə gələn, amma sonradan "Platform London" adlı Britaniya mənşəli QHT-nin nümayəndəsi olduğu aşkarlanan Emma Hyuz Azərbaycana buraxılmadı. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq, KİV nümayəndəsi özü haqqında yanlış məlumat verərsə, onun akkreditasiyasına etiraz edilə bilər. Lakin bu qaydanı "unudan" Qərb mediası dərhal "əzabkeş Emma" kampaniyasına başladı. Sözbəsöz bir-birini təkrarlayan yazılar muncuq kimi düzüldü.

İndi isə Emma Hyuz "Amnesty İnternational"ın Azərbaycana buraxılmaması haqqında xəbərini inkişaf etdirilməyə başlayıb. Amma bu zaman nədənsə unudulur ki, cəmi bir neçə ay əvvəl bu təşkilatın nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdu. Özü də, rəsmi Bakının mövqeyi ilə tanış olmaq üçün, qonaqlara dövlət qurumlarında görüşlər də təklif olundu, amma "Amnesty" bu görüşlərdən imtina etdi. Və indi - Avropa Oyunlarının açılışı ərəfəsi "Azərbaycana səfər" şousu qurmaq qərəzdən başqa bir şey deyil.

İyunun 11-dən isə mövzu azlığından əziyyət çəkən qərb mediası yeni mövzu tapdı - "Qardian" qəzetinin müxbiri Ouen Qibsonun akkreditasiya ala bilməməsi. Öz jurnalist fəaliyyəti dövründə idman mövzusu üzrə ixtisaslaşan Qibson, nədənsə, 2014-cü ilin dekabrından sonra siyasi şərhçiyə çevrilməyə başlayıb. Özü də yalnız Azərbaycan üzrə.... O ki qaldı akkreditasiyaya, bu məsələdə Azərbaycan hakimiyyətini günahkar bilən xarici media özünə əziyyət verib heç araşdırmır ki, bu yarışı kim keçirir və akkreditasiya məsələsinə hansı struktur məsuldur. Qısası, "Qardian"ın akkreditasiya məsələsinin Azərbaycan hökumətinə heç bir aidiyyatı yoxdur.

Digər tərəfdənsə, 1000-ə yaxın jurnalistin akkreditasiyadan keçdiyi halda, bir jurnalistin bu və ya digər səbəbdən akkreditasiya ala bilməməsi, ümumilikdə tədbirə kölgə sala bilərmi?

Əslində, ritorik sualdır, çünki səbəb aydındır - qərəz, qarayaxma......

Nə isə, gəlin gözləyək görək bu mövzu da "çeynənəndən" sonra qərb mediası nədən yazmağa başlayacaq...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti