...

Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı (ƏLAVƏ OLUNUB-3) (FOTO) (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 28 İyun 2015 23:19 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi başlayıb.
Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı (ƏLAVƏ OLUNUB-3) (FOTO) (VİDEO)

İlk xəbər saat 20:55-də yayılıb)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Bakı Olimpiya Stadionunda Bakı-2015 ilk Avropa Oyunlarının bağlanış mərasimi başa çatıb.

X X X

Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi başlayıb.

Trend-in məlumatına görə, mərasim Bakı Olimpiya Stadionunda keçirilir.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyev, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və digər rəsmi şəxslər iştirak edirlər.

İyunun 12-də başlayan Bakı-2015 Avropa Oyunları bu axşam başa çatıb. Oyunlar çərçivəsində idmanın 20 növü üzrə yarışlar keçirilib: 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündə. Yarışlarda 6 min idmançı iştirak edib.

Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.

X X X

Bağlanış mərasimi başlayır. Stadionda şeypurlar səslənir. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətli alqışlarla salamlayırlar.

XXX

Yaradıcı heyət "Oyanış" adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycan Dövlət Himnini yeni simfonik aranjemanda ifa edir.

Azərbaycanın dövlət bayrağı stadiona gətirilir və qaldırılır. Bu məqamda idmançılarımızın ilk Avropa Oyunlarında qazandıqları qələbələrin şərəfinə dövlət bayrağımızın 22 dəfə yüksəyə ucaldığını, dövlət himnimizin səsləndiyini bir daha qürur hissi ilə xatırlayırıq.

XXX

Tamaşaçılar "Bakı-2015"in iştirakçılarını - Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Makedoniya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə və Ukrayna nümayəndələrini alqışlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti