...

İstanbul macəraları: Qadağaları aşan Trend İstanbulun ən tanınmış gecə klubunda türk müğənnisi Hakan Altunun konsertindən yazır (IV hissə - FOTO)

Mədəniyyət Materials 12 Aprel 2011 16:59 (UTC +04:00)
"İstanbul macəraları" adını verdiyim silsilə yazıların davamı olaraq, ötən reportajımın sonunda söz verdiyim kimi, Beşiktaş rayonunun Ortaköy məhəlləsində yerləşən "Mix Club"da keçirilən, Hakan Altunun konsertində yaşadığım hadisələri sizinlə bölüşürəm.
İstanbul macəraları: Qadağaları aşan Trend İstanbulun ən tanınmış gecə klubunda türk müğənnisi Hakan Altunun konsertindən yazır (IV hissə - FOTO)

Türkiyə, İstanbul, 12 aprel /Trend, müxbir Ş.Cavadsoy/

"İstanbul macəraları" adını verdiyim silsilə yazıların davamı olaraq, ötən reportajımın sonunda söz verdiyim kimi, Beşiktaş rayonunun Ortaköy məhəlləsində yerləşən "Mix Club"da keçirilən, Hakan Altunun konsertində yaşadığım hadisələri sizinlə bölüşürəm. Saatın əqrəbləri 01:50-ni göstərəndə "Mix club"a daxil olmuşdum. "Akkaya production"ın rəhbəri Əhməd bəyin öncədən tapşırdığı kimi, onun adından H.Altunun meneceri Ömər Çakmakçı ilə danışdım. Dostcasına baş tutan görüşümüzün nəticəsi kimi, o, klubun baş administratorundan rica etdi ki, içəridə fotolar çəkməyimə şərait yaradılsın. Qeyd etmək yerinə düşərdi ki, Türkiyə şou-biznesində maqazin jurnalistlərinin fəaliyyət göstərməsi çox müşkül şərtlərə söykənir. Yəni, qələminin tanınıb-tanınmamasından asılı olmayaraq, müxbirlər hansısa konserti çəkməkdən ötrü həm konsert verəcək müğənni, həm də məkan rəhbərliyi ilə mütləq şəkildə danışıqlar aparmalıdır.

Çox vaxt pul müqabilində razılığa gəlinir. Və nadir hallarda gecə klublarında çəkiliş aparmaq türk həmkarlarıma qismət olur. Bu səbəbdən də qardaş ölkədə, xəbər tapmaq üçün paparazzinin inkişafını yeganə çıxış yolu kimi qiymətləndirirlər.

Amma deyəsən Azərbaycandan qonaq gəldiyim işimə xeyli yaramışdı. Çünki "Mix club" rəhbərliyi məkanın içində çəkiliş aparmağıma razılıq vermişdi. Pilləkənlərlə yuxarı qalxan kimi klubdaxili qaydaları öyrənməkdən ötrü qarderobda işləyən Ayşe adlı qızla həmsöhbət oluram.

Öyrənirəm ki, izləyicilər arasında kübar insanlar - tanınmış iş adamaları çoxluq təşkil edirlər.

Çox keçmir ki, məkana daxil oluram. Masalarda əyləşən izləyicilər o qədər çoxluq təşkil edirdi ki, iynə atsaydın, yerə düşməzdi. Administrator mənə yaxınlaşıb, çəkiliş edəcəyim yeri mənə göstərir. Heç 10 dəqiqə tamamlanmır ki, müğənni səhnəyə çıxmaqdan ötrü başqa yoldan yox, qonaqların daxil olduğu giriş qapısından zala təşrif buyurur. Alqış sədaları altında səhnəyə çıxan Hakan pərəstişkarlarını salamlamazdan, illərdən bəri hit-paradlarda öz yerini qoruyan "Telefonun başında" mahnısını ifa edir. Saat 02:25 olsa da müğənninin səsinin yerində olacağını və orkestrinin müşayiəti ilə mahnılarını canlı səsləndirəcəyini, sözün açığı, heç gözləmirdim. Menecerindən gəlişim barəsində yetərincə məlumatlı olan Altun çəkiliş zamanı gülümsər üzlə davranıb, özünəməxsus qonaqpərvərliyini nümayiş etdirdi. Cəmi 2 mahnılıq çəkiliş aparmağıma icazəm olmasına baxmayaraq, qadağaları pozaraq yarımsaat məkanda qalmağa müvəffəq oldum. Müsahibə verməyi yalnız konsert sona çatandan sonra gerçəkləşdirəcəyini bildirən müğənni, hələ iki saat səhnədə qalacağını diqqətimizə çatdırdı. Amma eksklüziv olaraq Trend oxucularına bu mesajını göndərdi: "Azərbaycanı Türkiyədən qətiyyən ayırmıram və sürpriz açıqlamamı yaza bilərsiniz ki, yaxın vaxtlarda Bakıda konsertim təşkil olunacaq. Bilirəm ki, azərbaycanlı pərəstişkarlarımın sayı yetərincədir. Odur ki, indidən hamınızı həmin konsertimə dəvət edirəm".

Məkanı tərk edən zaman çox baxımlı türk filmlərində baş rolu oynamış və bugün də Türkiyənin ən tələb olunan sənətçilərindən biri kimi sevilən xanımla rastlaşdıq. Onun kimliyi və marağınıza səbəb olacaq fotosessiyası ilə reportajımın V hissəsində tanış olacaqsınız. Arzu edən oxucularımız "İstanbul macəraları"mın necə keçdiyini, aşağıdakı linklərdən təkrarən oxuya bilərlər.

http://az.trend.az/news/mvsb/1854919.html

http://az.trend.az/news/mvsb/1857044.html

http://az.trend.az/news/mvsb/1857952.html

(ardı var)

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti