...

"YARAT!" təşkilatı Şərqiyyə Rəhmanlının "Gələcəyə Qayıdış" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 27 İyul 2012 23:30 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dövlət Akademik Opera və Balet Teatrının qarşısında rəssam Şərqiyyə Rəhmanlının "Gələcəyə Qayıdış" layihəsini təqdim edib.
"YARAT!" təşkilatı Şərqiyyə Rəhmanlının "Gələcəyə Qayıdış" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dövlət Akademik Opera və Balet Teatrının qarşısında rəssam Şərqiyyə Rəhmanlının "Gələcəyə Qayıdış" layihəsini təqdim edib.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Layihə canlı performansdan ibarətdir: Opera və Balet Teatrının təmiri üçün quraşdırılan tikinti körpücüklərində balerinaların rəqsi. Məsələ burasındadır ki, 2012-ci ilin may ayında Opera və Balet Teatrının fəaliyyəti 4 il müddətinə əsaslı təmir üçün dayanacaq. Opera və Balet Teatrının özünəməxsus aurası, memarlıq zərifliyi, teatrın balet truppasının titrək sevgisi və ən önəmlisi, daimi tamaşaçılarının sevgisi ilə formalaşmış mənəvi məkanı var.

Taxta körpücüklərdə rəqs edən balerinalar intizar və nostalji simvoludur. Onlar bu qədər uzun çəkən fasiləyə qarşı sanki öz etirazlarını bildirirlər. Onlar şövqlə çalışmaq, çıxış etmək, rəqs etmək istəyirlər... Onlar bu tikinti "torları" ilə, bu real durumla barışa bilmirlər. Onlar yaradıcı insanlardır, bu maddi dünyanın qayda-qanunları onlara yaddır. Onlar sırf yaradıcılıq üçün yaranıblar. Adi insan qavrayışı bu təmir-tikinti körpücüklərində çirkli iş paltarında çalışan fəhlələri görməyə adət edib. Amma bu dəfə təmir-tikinti körpücüklərində fəhlələr deyil, qar kimi ağappaq libaslarda incə balerinalar olacaq. Faciəvi-məzhəkəli bir effekt! Lakin bu layihə, şübhəsiz, bir şeyə - balerinaların öz işlərinə, öz sənətinə, özlərinin ikinci evi sayılan Opera və Balet Teatrına olan fədakar məhəbbətinə dəlalət edə bilər! Həm də ki, axı teatr özü də səbəbsiz tikilməyib... Teatrın tikilməyinə də səbəb məhəbbət olub...

Layihənin məqsədi çox vaxt taleyüklü məsələlərin əsasında iri korporativ strukturların strateji fikirləri deyil, olduqca sadə insan münasibətlərinin durduğunu göstərmək niyyəti güdür.

Bakı şəhəri ilə gəzən və XIX əsrdə inşa edilmiş binaların heyranedici gözəlliyini seyr edən zaman, biz nadir hallarda bu binaların inşa tarixçəsi haqqında fikirləşirik. Məsələn, Azərbaycan Dövlət Opera və Balet Teatrının binası... Ona baxarkən belə bir fikir yaranır ki, bu memarlıq abidəsi Rusiya İmperiyası tərəfindən inşa edilib.

Təcrübəmiz göstərir ki, teatr - dövlətin, məsələn Mədəniyyət Nazirliyinin və ya mədəniyyət siyasəti üzrə digər hər hansı inzibati orqanın sərəncamında olan konkret mədəniyyət institutudur. Lakin biz bu cür gözəl memarlıq tikilisi - şah əsərinin yaranmasının səbəbi ilə daha dərindən maraqlansaq, təəccüblənəcəyik - Opera və Balet Teatrının yaranma səbəbi məhəbbət olub...

Variantlardan biri belədir: Bakının tarixində XIX əsrin sonu - XX əsrin əvvəli "neft bumu" ilə yadda qalıb. Bu dövrdə biznes fəaliyyəti ilə məşğul olan ilk neft maqnatları, milyonçuları peyda oldu. Bu dövrdə Bakıya gözəllik və füsunkarlığı ilə bir çox varlıları heyran edən məşhur müğənni gəlmişdi. Müğənni müxtəlif yerlərdə çıxış etmiş, lakin həmin yerlər onun istedad və peşəkarlıq səviyyəsinə uyğun gəlməmişdi. Buna görə də bir dəfə ondan növbəti dəfə nə vaxt Bakıya gələcəyi soruşulanda, müğənni cavab vermişdi ki, ola bilsin ki, heç vaxt, çünki şəhərdə onun çıxış edə biləcəyi peşəkar şəkildə təchiz edilmiş teatr yoxdur. Məşhur müğənninin bu etirafı gizli şəkildə müğənniyə aşıq olmuş maqnatlardan birinə təsir etdi. О, müğənniyə məhz onun şərəfinə Opera Teatrı tikdirəcəyini söz verdi və müğənnidən bu teatrın açılış mərasimində iştirak etmək üçün Bakıya yenidən gəlməyini xahiş etdi. Bir çox çətinliklərə baxmayaraq, aşiq milyonçu sözünün üstündə durdu - 1800 nəfər tamaşaçı tutan teatr mühəndis N.Q.Bayevin rəhbərliyi ilə ən azı 10 aydan sonra inşa edildi. 28 fevral 1911-ci il tarixdə yeni Bakı Opera və Balet Teatrının açılışı oldu. Milyonçunun dəvəti ilə müğənni bir ildən sonra Bakıya gəldi və bu teatrda konsert verdi, bundan sonra о, sözün əsl mənasında "qızıla" qərq edildi.

Bundan sonra teatrın statusu ilə bağlı bir neçə inzibati dəyişikliklər baş verdi. Lakin bir şey aydındır ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı birmənalı şəkildə məhəbbət simvoludur...

Qeyd edək ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti