...

"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində növbəti tədbir Fransanın Romoranten-Lantenay şəhərində keçirilib (FOTO)

Mədəniyyət Materials 10 Noyabr 2012 16:19 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində növbəti tədbir noyabrın 10-da Fransanın Romoranten-Lantenay şəhərində keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində növbəti tədbir Fransanın Romoranten-Lantenay şəhərində keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində növbəti tədbir noyabrın 10-da Fransanın Romoranten-Lantenay şəhərində keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Romoranten-Lantenaydakı "Piramide" zalında təşkil olunan sərgini açan şəhərin meri senator Jeanny Lorjo Fransanın bu şəhərində Azərbaycanla bağlı belə mötəbər tədbirin keçirilməsindən məmnunluq hissini ifadə edib, bir qrup senatorla Azərbaycanda olarkən onlara göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Fransanın Azərbaycan ilə tanışlıq coğrafiyasının genişlənməsində maraqlı olduğunu diqqətə çatdıran mer Azərbaycan icmasının Fransada az olmasına baxmayaraq, çox qədim tarixə malik ölkəmiz barədə müəyyən təsəvvürlər əldə etdiklərini və fransızların Azərbaycanla tanışlığa xüsusi əhəmiyyət verdiklərini bildirib.

Senator Jeanny Lorjo deyib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev öz komandası ilə paytaxt Bakıdan başlayaraq bütün ölkəni fundamental modernləşdirməyə və inkişaf etdirməyə səy göstərir. Qeyd etmək istərdim ki, Azərbaycan bir çox sahələrdə, o cümlədən dini məsələdə böyük tolerant ölkədir. Azərbaycanın bütün dinlərə, həmçinin yəhudi dininə tolerantlığı başqa ölkələrə nümunə ola bilər. Yəhudilər mədəni və digər sahələrdə azərbaycanlılarla və başqa azsaylı xalqların nümayəndələri ilə tamamilə inteqrasiya olunublar.

Sovetlər birliyinin süqutundan sonra Azərbaycanın çətin anlar yaşadığını vurğulayan mer J.Lorjo ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, Dağlıq Qarabağ və ona bitişik rayonlarımızın indiyədək erməni işğalı altında olduğunu, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur edildiyini, bunun ölkə üçün böyük humanitar problem yaratdığını söyləyib.

Mer qədim və zəngin tarixə malik Azərbaycanın mühüm strateji məkanda, həmçinin böyük İpək yolunun üzərində yerləşdiyini bildirib. Ölkəmizin sürətlə inkişaf etməsindən, qonşu dövlətlər olan İran və Rusiya ilə geosiyasət baxımından yaxşı əlaqələr qurmasından, Azərbaycan Prezidentinin Fransa ilə dostluq münasibətlərinin və digər sahələrdə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirməsindən danışan senator sərgi və konsertin yerli sakinlərdə Azərbaycan, onun mədəniyyəti və incəsənəti haqqında dolğun təəssürat yaradacağına ümidvar olduğunu, məhz mədəniyyətin xalqlar arasında körpü saldığını qeyd edib.

Səfir Elçin Əmirbəyov ölkəmiz barədə xoş sözlərinə görə merə təşəkkürünü bildirib, Azərbaycanın Fransa ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu, hər iki ölkə arasında diplomatik əlaqələrin 20 illiyinin təntənəli surətdə qeyd edildiyini, Fransanın həm Azərbaycanın müstəqilliyini tanımaqda, həm də ticarət sahəsində tərəfdaşlıqda ikinci ölkə olduğunu diqqətə çatdırıb, "Total", "Qaz de France", "Alstom", "Oreal" və digər Fransa şirkətlərinin respublikamızda fəaliyyət göstərməsindən bəhs edib, diplomatik sahələrdə əlaqələrin yaxşı olduğunu bildirib.

Fransanın sabiq prezidenti Nikola Sarkozinin keçən il Azərbaycana səfər etdiyini xatırladan E.Əmirbəyov cari ilin sentyabr ayında Prezident İlham Əliyevin Fransanın hazırkı prezidenti Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edildiyini, dövlət başçılarının görüşündə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Humanitar çərçivədə xalqlar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir Azərbaycan ilə bağlı sərginin və konsertin Parisdən sonra Reimsdə, Şalon en Şampanda, Niortda, Konyakda və nəhayət, bu gecə Romoranten-Lantenay şəhərində qeyd edildiyini bildirib.

Elçin Əmirbəyov bu tədbirin iki xalqın yaxınlaşmasında və dostluq əlaqələrinin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Azərbaycanın zəngin tarixə malik ölkə olduğunu diqqətə çatdıran səfir respublikamızın Asiya ilə Avropanın qovuşuğunda yerləşdiyini və karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətimizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Xəzərin enerji ehtiyatlarının Avropaya nəqlində mühüm rol oynadığını, mədəniyyət və tariximizin yeraltı sərvətlərimizdən daha dərin və qədim köklərə malik olduğunu qeyd edib, belə tədbirlə Azərbaycanı fransızlara yaxından tanıtmaq işinə töhfələr verən Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Romoranten-Lantenay prefektinin müavini Alen Geydan çıxışında məhz belə tədbirlərin Avropa ilə Asiya arasında mədəniyyət sahəsində mübadiləyə imkan verməklə yanaşı, xalqlar arasında təmas yaratmaqda, Qafqazın tarixi və yeraltı sərvətlərlə zəngin ölkəsi Azərbaycan kimi bir respublika haqqında geniş məlumat əldə etməkdə xüsusi əhəmiyyət daşıdığını, Azərbaycanın yalnız mədəniyyət sahəsində deyil, iqtisadi sahədə də zəngin olduğunu bildirib.

Şəhər sakinləri və qonaqlar ölkəmizin zəngin mədəni irsini əks etdirən eksponatlarla tanış olub, xalça sənətinə, misgərlik və dulusçuluq nümunələrinə xüsusi maraq göstəriblər.

Azərbaycanın "Xarı bülbül" instrumental və respublikanın əməkdar artisti Zahir Qasımovun rəhbərlik etdiyi Dövlət Rəqs ansambllarının çıxışları fransız tamaşaçıların böyük marağına səbəb olub.

Konsertin sonunda mer Jeanny Lorjo yerli sakinlərdə böyük təəssürat yaratmış maraqlı konsert proqramına görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirib, ansamblların üzvləri ilə xatirə şəkli çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti