...

Bakıda "Yunus İmrə: eşqin səsi" filminin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 13 Fevral 2014 23:31 (UTC +04:00)
Bu gün Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış “Yunus İmrə: eşqin səsi” filminin qala-gecəsi keçirilib.
Bakıda "Yunus İmrə: eşqin səsi" filminin təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir C.Babayeva/

Bu gün Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış "Yunus İmrə: eşqin səsi" filminin qala-gecəsi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov bildirib ki, bu cür tədbirlər ortaq türk dəyərlərinin formalaşmasına, yaradıcı insanlar arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun "Yunus İmrə: eşqin səsi" filminin təqdimatının Bakıda keçirilməsini Azərbaycan və Türkiyənin əbədi qardaşlığının bariz nümunəsi kimi dəyərləndirib: "Bu cür tədbirlər dostluq, həmrəylik və birlik körpülərinin daha da möhkəmlənməsinə zəmin yaradacaq, Azərbaycan-Türkiyə mədəni əlaqələrinə əhəmiyyətli töhfə verəcək".

Filmin təqdimat mərasimi Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyinin, Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Filmin çəkilişi Yunus İmrənin məmləkəti olan Əskişəhərin - ötən il türk dünyasının mədəniyyət paytaxtının - "Qalıcı əsərlər" layihəsi çərçivəsində reallaşdırılıb. Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus İmrənin həyatından bəhs edir. Üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir.

Bir çox məşhur sənətkarların çəkildikləri filmin rejissoru Kürşat Kızbazdır.

Yunus İmrə obrazını əvvəllər də tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin iştirak ediblər.

Qala-gecədə filmin ssenari müəllifi və rejissoru K.Kızbaz, aktyorlar D.Evin, A.Gördüm, Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti