...

Heydər Əliyev Mərkəzində İtzhak Perlmanın akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Aprel 2014 11:52 (UTC +04:00)
Həmkarları İtzhak Perlmanı "dahi medium", şagirdləri "Mister Pi", onun musiqilərinin əsrarəngizliyinə heyran olan klassik musiqi pərəstişkarları isə "Ruhun sehrli şəfa verəni" adlandırırlar.
Heydər Əliyev Mərkəzində İtzhak Perlmanın akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir V.İmanov/

Həmkarları İtzhak Perlmanı "dahi medium", şagirdləri "Mister Pi", onun musiqilərinin əsrarəngizliyinə heyran olan klassik musiqi pərəstişkarları isə "Ruhun sehrli şəfa verəni" adlandırırlar.

Bazar ertəsi Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş İtzhak Perlmanın klassik musiqi gecəsi Azərbaycan paytaxtının musiqi həyatında əlamətdar hadisə oldu. Məşhur musiqiçi təkcə Bakıda ilk dəfə çıxış etmədi, həm də təkrarsız sənətin bütün möhtəşəmliyini nümayiş etdirdi. Konsert görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuşdu.

Dünya şöhrətli skripkaçı, 15 "Qremmi" və 4 "Emmi" mükafatı laureatı İtzhak Perlman saysız-hesabsız lent yazılarına malikdir. O, dünyanın ən yaxşı orkestrləri ilə, eləcə də dövlət başçıları qarşısında yüzlərlə konsert verib. O, 4 yaşında poliomielit keçirən və nəticədə ayaqları tutulan qoçaq insandır. Amma onun 10 yaşı tamam olmamış konsertlərlə çıxış etməyə başladı və XX əsrin ən yaxşı skripkaçılarından biri kimi gələcəkdə dünya şöhrəti qazanmağa nail oldu.

Qocalmayan Perlman öz elektroskuterində Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxdı, tanınmış şri-lankalı pianoçu Rohan de Silva ilə birlikdə bir anda proqrama qoşuldu. Və Perlmanın musiqisinin ilk sədalarından aydın oldu ki, tamaşaçıları möhtəşəm musiqi bayramı gözləyir.

Klassik musiqi gecəsində məşhur skripkaçı dahi bəstəkarlar Lüdviq van Bethovenin, Rixard Ştrausun və Klod Debüssinin ölməz əsərlərini ifa etdi. Həm də bu sehrli musiqiləri o, Stradivarinin 1714-cü ildə hazırlanmış və mahir ustadın ən yaxşı skripkalarından biri hesab edilən skripkada ifa edirdi.

Məşhur skripkaçı deyir: "Əslində dahi ustadın skripkasına malik olmaq vacib deyil. Amma, təbii ki, əgər sizin əlinizdə yüksək dərəcəli alət varsa, o zaman səsdə olan bütün rəngləri və çalarları çatdırmaq daha asandır. Maksimum nəticə əldə etməkdən ötrü musiqi alətinin insan qabiliyyətlərindən fərqli olaraq, dəyişməyən sirlərini, onun real imkanlarını bilmək vacibdir. Bu, konstantdır".

Musiqiçi tamaşaçılarla səmimi ünsiyyət qurdu və Heydər Əliyev Mərkəzinin auditoriyasına valeh olduğunu bildirdi, ona bu səhnədə çıxış etmək fürsəti verdiklərinə görə təşəkkür etdi. İ.Perlmanın füsunkar ifası zamanı elə təəssürat yaranırdı ki, dahi musiqiçi sanki öz beynində bu əsərləri yenidən yazaraq modullaşdırır, simlərdən yeni səslər çıxarmağa çalışır. Bununla yanaşı, qüsursuz texnika, səhnə cazibəsi və nəhayət, maraqlı uzlaşdırılmış duet hər iki ifaçının yüksək artistizmini göstərirdi. Gurultulu alqışların və tamaşaçı zalının heyranlığının hüdudu yox idi! Musiqiçi bir neçə dəfə tamaşaçıların arzusu ilə onların gur alqışları altında səhnəyə qayıtdı və İohannes Bramsın, Fransua Frankonun, Henri Vinyavskinin və başqalarının əsərlərini ifa etdi.

Perlman özünün sonuncu kompozisiyasını ifa etdikdən sonra zala bir neçə anlığa tam sükut çökdü. Bu, sarsıntının doğurduğu sükut idi. Amma sonra tamaşaçılar bu mahir ifaçıya öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmək üçün yerlərindən qalxdılar. Sürəkli alqışların səsi zalı bürümüşdü. Tamaşaçılar musiqiçini alqışlayır, heyranlıqdan qışqırır, həmin gecə onlar üçün ifa etdiyi yüksək musiqiyə görə minnətdarlıqlarını bildirirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti