...

Heydər Əliyev Mərkəzində Aleksandr Rıbakın və Respublika incəsənət gimnaziyasının tələbələrinin möhtəşəm konserti olub (FOTO)

Mədəniyyət Materials 16 May 2014 03:56 (UTC +04:00)
Mahnıları bütün dünyada səslənən, gənc, məşhur, istedadlı skripkaçı və müğənni Aleksandr Rıbak öz 28 illiyini Bakıda qeyd edib.
Heydər Əliyev Mərkəzində Aleksandr Rıbakın və Respublika incəsənət gimnaziyasının tələbələrinin möhtəşəm konserti olub (FOTO)

Azərbaycan, Bakı, 16 may / Trend, müxbir V. İmanov /

Mahnıları bütün dünyada səslənən, gənc, məşhur, istedadlı skripkaçı və müğənni Aleksandr Rıbak öz 28 illiyini Bakıda qeyd edib. O, Respublika gimnaziyasının istedadlı şagirdləri üçün master-klass keçirmək və onlarla birlikdə Heydər Əliyev Mərkəzinin səhnəsində çıxışa hazırlaşmaq üçün Azərbaycan paytaxtına Heydər Əliyev Mərkəzindəki konsertindən üç gün əvvəl gəlib.

2009-cu ildə belarus mənşəli müğənni Aleksandr Rıbak "Eurovision" müsabiqəsində Norveçi təmsil edərək "Fairytale" ("Nağıl") mahnısı ilə nəinki qalib olub, həm də rekord göstərərək 387 bal toplayıb, bu isə bu gün də nüfuzlu Avropa müsabiqəsinin keçirilməsinin bütün vaxtı ərzində misilsiz göstərici hesab edilir.

Bu qələbədən sonra Aleksandr Rıbak dünya turnesi çərçivəsində istedadlı gənclərlə birlikdə dünyanın müxtəlif ölkələrində bir sıra konsertlər verib. Və bu dəfə Bakıya gəlib.

Aleksandr Rıbak cümə axşamı Heydər Əliyev Mərkəzində Respublika incəsənət gimnaziyasının orkestri ilə birlikdə Bakı tamaşaçıları qarşısında yeni musiqi layihəsini təqdim edib.

Bayram axşamını Norveçin Azərbaycandakı səfiri Erling Şönsberq açıb və böyük hərarətlə Azərbaycan dilində tamaşaçıları salamlayaraq konserti təşkil etməkdə köməklik göstərən Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib.

Aleksandr Rıbakın konserti üç hissədən ibarət olub. Birinci hissədə milli paltarda çıxış edən Respublika incəsənət gimnaziyası şagirdlərindən ibarət orkestr tamaşaçılar üçün görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərini ifa edib. Gənc istedadların çıxışı gurultulu alqışlarla qarşılanıb.

Sonra səhnəyə Norveçin Azərbaycandakı konsulu çıxaraq qeyd edib ki, layihənin həyata keçirilməsi və konsert iki ölkə arasında xüsusi təşkil olunan mədəni körpüdür. O, çıxışından sonra Aleksandr Rıbakı səhnəyə dəvət edib.

Müğənni və musiqiçi əvvəlcə gimnaziya tələbələri ilə çıxış edərək onların istedadını vurğulayıb: "Sizdə necə çoxlu böyük istedadlar var! Mən üç dəfə Bakıda olmuşam və hər dəfə burada baş verən dəyişiklikləri görürəm. Mən konsertin təşkilində Heydər Əliyev Mərkəzinə və Norveçin Azərbaycandakı səfirliyinə xüsusi təşəkkürümü bildirirəm. Məni musiqiçi, skripkaçı və müəllim kimi buraya dəvət etdikləri üçün təşəkkür etmək istəyirəm".

Müğənni, həmçinin pianoçu Stefanın müşayiəti ilə solo-konsertlə çıxış edib.

Və sonda o, özünün məşhur "Fairytale " - "Nağıl" kompozisiyasını ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti