...

Beynəlxalq Muğam Mərkəzində dastan gecələri (FOTO)

Mədəniyyət Materials 20 İyun 2018 20:10 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihə davam edir.
Beynəlxalq Muğam Mərkəzində dastan gecələri (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Küçə Rza” dastanı təqdim olunub.

Trend-in məlumatına görə, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Mərkəzin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək, “Dastan gecələri” adlı layihənin dastan yaradıclığının ,aşıq poeziyasının tamaşaçılara daha geniş və ətraflı şəkildə təqdim edilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib.

Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib.

2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı”sına daxil edilib.

Daha sonra Şirvan aşıqlar birliyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının ifasında “Küçə Rza” dastanı tamaşaçılara təqdim olunub.Ağamurad Şirvalını balabanda Əbilxan Şirvanlı, nağarada Hünər Şahalıyev, qoşa-nağarada Zəfər Şahalıyev, qarmonda Nurşirəvan Şahalıyev müşayiət ediblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi özünün yeni irimiqyaslı “Dastan gecələri” adlı layihəsində öz fəaliyyətini daha da genişləndirir və xalq poeziyasına müraciət edir. Şifahi xalq yaradıcılığının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı özündə aşıq musiqisi ilə bərabər şifahi poeziya nümunələrini də birləşdirir.

Xatırladaq ki, layihə çərçivəsində aprelin 18-də “Alı xan – Pəri xanım” dastanı təqdim olunub. Bu ilin sonunadək “Abbas-Gülgəz” (28 sentyabr), “Aşıq Alının Türkiyə səfəri” (31 oktyabr), “Məhəmməd – Səlbi xanım” (27 noyabr), “Əmrah - Səlbi” (25 dekabr) dastanları tamaşaçılara təqdim olunacaq.

Layihənin informasiya dəstəyini AZƏRTAC, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu, Trend.az, Day.Аz, Milli.Аz həyata keçirir.

İyunun 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” adlı layihəsi çərçivəsində Beynəlxalq Musiqi gününə həsr olunmuş konsert keçiriləcək.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti