...

Respublika Günü münasibəti ilə Belarus Dövlət Filarmoniyasında konsert təşkil edilib (FOTO)

Mədəniyyət Materials 31 May 2019 09:16 (UTC +04:00)
Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Belarusdakı səfirliyi tərəfindən 28 may - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Belarus Dövlət Filarmoniyasında konsert təşkil edilib
Respublika Günü münasibəti ilə Belarus Dövlət Filarmoniyasında konsert təşkil edilib (FOTO)

Bakı. Trend:

Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Belarusdakı səfirliyi tərəfindən 28 may - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Belarus Dövlət Filarmoniyasında konsert təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu altında keçirilən konsertdə Belarus Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyovun Qara Qarayevin, Asəf Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Belarus bəstəkarı Yevgeni Qlebovun və bəstəkar Aleksandra Paxmutovanın əsərləri səsləndirilib. Azərbaycan Respublikasının əməkdar artisti Nərgiz Kərimovanın ifası tamaşaçılarda xoş əhval yaradıb.

Tədbirin aparıcısı Azərbaycan haqqında xoş sözlər söyləyərək bildirmişdir ki, qardaş və dost xalq ölkəsi olan Azərbaycan qədim musiqi diyarıdır vəBelarusun alman faşist işğalından azad olunmasında 20 mindən çox Azərbaycanlı şəhid olmuş və onların 8 nəfəri isə Sovet İttifaqı qəhrəmanıdır.

Konsertin açılışında çıxış edən səfir Lətif Qəndilov 28 may 1918-ci il tarixində yaranmış Azərbaycan Demokratik Respublikası ilə bağlı məlumat vermiş və bildirib ki, ADR cəmisi 23 ay mövcud olmuş, lakin Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını həyata keçirə bilib. Gənc Azərbaycan Diplomatiyasının səyi nəticəsində 1919-cu ildə Millətlər Liqası tərəfindən ADR-in Paris Sülh Konfransında de-fakto tanınmasına nail olunmuşdur. Səfir qeyd etmişdir ki, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən bu günədək Azərbaycan diplomatiyası çətin və şərəfli bir yol keçmişdir. Keçən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası bütün dünyaya ölkəmizin işğala məruz qaldığını və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu anlada bilmiş və erməni yalanlarını alt-üst etmişdir. L.Qəndilov Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin xüsusən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olduğunu bildirərək, bu gün əsərləri səsləndiriləcək bəstəkarlardan Ü.Hacıbəyovun, F.Əmirovun və Niyazinin əslən Şuşa şəhərindən olduğunu söyləmişdir. Səfir Azərbaycanın musiqi tarixi barədə tamaşaçılara geniş məlumat verərək qeyd etmişdir ki, Azərbaycan xalqı dünya musiqisinə böyük töhvə vermiş və sağlığında klassik sayılan Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov və Niyazi kimi 4 bəstəkar yetişdirmişdir. Həmçinin Azərbaycan xalqının dünya vokal sənətinə Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev və Polad Bülbüloğlu kimi dahi sənətkarlar bəxş etdiyini və adları çəkilən sənətkarların da əksəriyyətinin əslən “Azərbaycanın konservatoriyası” adlandırılan Şuşa şəhərindən olduğu qeyd edib. Səfir bildirib ki, heç bir xalq o cümlədən Azərbaycan Xalqı da özünün mədəniyyət və incəsənət beşiyi olan torpaqlarının başqa dövlət tərəfindən işğal olunması ilə razılaşmayacaq və ən yaxın zamanda Dağlıq Qarabağı işğaldan azad edəcəkdir.

Səfir müstəqilliyimizin bərpasından keçən 28 il ərzində ölkəmizin böyük yol keçərək beynəlxalq hüququn müstəqil subyektinə, Dünya Birliyinin hörmət edilən layiqli dövlətinə çevrildiyini bildirmişdir.
Təqdim olunan konsertlə əlaqədar səfir qeyd etmişdir ki, musiqinin öz dili var və bütün musiqilər məxsus olduğu xalqın xarakterini və xüsusiyyətlərini özündə tərənnüm edir. Bu baxımdan konsertdə təqdim olunan əsərlərdə Azərbaycan xalqının mübarizə əzmini, sevgisini musiqi dili ilə tamaşaçılara çatdırılacaq.

Belarus Respublikasının Xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko çıxış edərək 28 may - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb.

Konsertdə Belarusun dövlət, hökumət orqanlarının və ictimaiyyət nümayəndələri, Belarusda səfərdə olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və onun Belaruslu həmkarı Pyotr Mikloşeviç, ölkədə fəaliyyət göstərən Amerika, İngiltərə, İsveçrə, İsveç, Polşa, Özbəkistan, Almaniya, Estoniya Səfirliklərinin rəhbərləri və əməkdaşları, Belarusda yaşayan azərbaycanlılar və Minsk şəhərində təhsil alan tələbələr o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Belarusda təhsil alan kursantları iştirak edirdilər.

Konsertdə təqdim olunan musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti