...

Arif Hüseynovun "QRAFİKA" adlı fərdi sərgisi açıldı (FOTO)

Mədəniyyət Materials 7 İyun 2023 20:52 (UTC +04:00)
Arif Hüseynovun "QRAFİKA" adlı fərdi sərgisi açıldı (FOTO)

Bakı. Trend:

XX əsrin son qərinəsini və XXI yüzillyin ilk iyirmi ilini əhatə edən Azərbaycan təsviri sənətinin inkişaf mərhələsində möhkəm yer tutan qrafiklərdən birinin Xalq rəssamı Arif Hüseynov (1943) olması danılmazdır. Bunu şərtləndirən başlıca səbəblərdən birinin onun müxtəlif mövzulu və janrlı qrafik əsərlərində ənənə ilə müasirliyi qovuşdura bilməsi və bunun sayəsində yaratdıqlarını məkansızlığa və zamansızlığa qovuşdura bilməsidir.

Dəzgah və kitab qrafikası sahəsində ərsəyə gətirdiyi əsərlərində müxtəlif qrafika texnikalarına müraciət etməklə, əksər hallarda fəlsəfi tutumlu bu lövhələrin həm də məna-məzmun çoxqatlılığına nail olan rəssamın onların cəlbedicilikdən düşündürücülüyə qədər uzanan bədii şərhlə gerçəkləşdirilməsinə şahidlik etmək olar. Buna onun bu gün ictimailəşən “Qrafika” sərgisinin ekspozisiyasına daxil edilmiş əsərlərin timsalında əmin olmaq mümkündür.

Etiraf edək ki, hələ tələbəlik illərindən başlayaraq özünü jurnal qrafikasında sınamağa başlayan və bu yöndə axtarışlarını bu günə kimi davam etdirən Arif Hüseynovun ədəbi mətnə bədii münasibətinin onun “tanınma nişanı”na çevrilməsi danılmazdır. Bu mənada müəllifin bütün yaradıcılığı boyu N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, H.Cavid, M.Ə.Sabir, M.Gəncəvi, R.Rza, A.Səhət, S.Vurğun, Ə.Kürçaylı, A.Məsud və b. milli söz xiridarları ilə yanaşı, H.K.Andersen, L.N.Tolstoy və b. xarici ölkə müəlliflərinin verdiyi bədii tərtibatları, çəkdiyi illüstrasiyaları qeyd etmək lazımdır.

Onun təkcə ədəbi nümunələrlə məhdudlaşmayan yaradıcılığında uzaq-yaxın tariximizi, o cümlədən Qarabağ mövzusunu, aşıq yaradıcılığını, nağıllar dünyasını özündə ehtiva edən cəlbedici - ovsunlayıcı maraqlı əsərlər mövcuddur.

Tamaşaçılara tədim olunan ekspozisiyada Arif Hüseynovun üslub-dəstixətt evolyusiyasını izləmək mümkündür. Bu mənada bütün yaradıcılığı boyu fərdi ifadə tərzinin milli ruha bələnməsinə səy göstərən müəllifin miniatür üslubuna özünəməxsus münasibətinin da qabarıq göründüyü həmin lövhələrin şöhrətinin çoxdan ölkə sərhədlərini aşması isə ilk növbədə Azərbaycan qrafikasının tanınmasını şərtləndirmişdir.

Rəssamın vaxtaşırı qazandığı sənət uğurları müxtəlif qurumlar tərəfindən yüksək dəyərləndirilmişdir. Rəssamın “Bakılı” cəmiyyətinin təsis etdiyi beynəlxalq “Humay” mükafatına(1995) layiq görülməsi, ona əvvəlcə Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), sonra isə Azərbaycan Respublikasının xalq rəssamı (2006) fəxri adlarının verilməsi, 2008-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olması bunun göstəricisidir. Hazırda Arif Hüseynovun dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərini, yerli və xarici kolleksiyaların saxlanclarını bəzəyir...

Əlavə edək ki, “Qrafika” sərgisinin ekspozisiyasında rəssamın nəvəsi – tanınmış fırça ustası Orxanın qızı Dilbər Hüseynin də rəsmləri nümayiş etdirilir. Başqa sözlə desək, Hüseynovlar ailəsində başlanan bədii ənənə bu gün də uğurla davam etdirilməkdədir...

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti