...

Sanator Kurort Reabilitasiya Mərkəzində müalicə alan 100-dən artıq qazi evə buraxılıb

Gündəm Materials 7 Yanvar 2021 12:47 (UTC +04:00)
Sanator Kurort Reabilitasiya Mərkəzində müalicə alan 100-dən artıq qazi evə buraxılıb

Bakı. Samir Əli - Trend:

Bakıda qısa müddətdə inşa edilərək Vətən müharibəsi qazilərinin istifadəsinə verilən Sanator Kurort Reabilitasiya Mərkəzində indiyə qədər 200-dən çox qazimizə xidmət göstərilib.

Trend-in məlumatına görə, bunu Sanator Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru Mürsəl Mürsəlov deyib.

O bildirib ki, bunlardan 100-nəfəri müalicələrini bitirdikdən sonra öz ailəsinə və ya xidməti yerinə yola salınıb: "Hazırda səhiyyə ocağımızda 70-ə yaxın qazimiz müalicə alır. Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimiz üçün bir çox xidmətlər göstərilməkdədir. Bunlardan bir neçəsini qeyd edə bilərəm. Nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti (əgər nitq qusurları varsa) təşkil olunub. Onu da qeyd edim ki, Mərkəz qazilərimizin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektorlu “Giger” adlı cihazla təmin edilib.

Mərkəzimizə əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya , monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Belə ki, qazilərimizdə nevrotik pozulmalar və psixoloji travmalar daha çox müşahidə olunur".

Mərkəz rəhbəri bildirib ki, Səhiyyə Nazirliyinin Sanator Kurort Reabilitasiya Mərkəzində qazilərimizə göstərilən xidmətlər içərisində nevropatoloqun və psixoloqun müalicəsinə xüsusi önəm verilir. Müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti