...

Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq - Polkovnik

Gündəm Materials 13 Fevral 2024 16:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görünür.

"Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayper məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərin də iştirakı ilə ölkəmizə qarşı təxribat törədib.

Hadisənin bir neçə erməni hərbçinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin “özfəaliyyəti” kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırığı və nəzarəti altında gerçəkləşib”.

С Xəlilov vurğulayıb ki, bu hadisə Ermənistan hakimiyyətinin sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir.

“Sərhədçimizə açılan bu atəş bir daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil və İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəblə də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin şəkildə saxlamağa çalışır. Məqsəd regionda etibarlı sülhün, etibarlı sabitliyin bərqərar olmasına imkan verməmək, hər an yeni bir müharibəni alovlandırmaq üçün münbit zəmin formalaşdırmaqdır”.

Polkovnik qeyd edib ki, ABŞ və Fransanın Ermənistana verdiyi birtərəfli dəstək də İrəvanı revanşizmə həvəsləndirən mühüm addımlardandır:

“Ermənistan rəsmiləri – baş nazirdən tutmuş müdafiə və xarici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları digər fövqəlgüclər də var. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir.

Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdır və onlar Ermənistanı buna sürükləyir”.

Sədr müavini bildirib ki, sərhədçimizə qarşı təxribatın Zəngilanda – İranla sərhədin yaxınlığında törədilməsi Ermənistanın ağalarının müharibə arealını genişləndirmək planlarından xəbər verir:

“Məlum insidentlə bağlı diqqət çəkən faktlardan biri də hadisənin Zəngilanda – İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura daxil etməkdir.

Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşür ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının daha da artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir”.

C.Xəlilov vurğulayıb ki, baş verən təxribat Avropanın bölgədəki missionerlik fəaliyyəti və “binokl diplomatiyası”nın nə qədər gərəksiz və təhlükəli olduğunu sübut edib:

“Məlum olduğu kimi, bəlli bir müddətdir Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Ancaq dünənki təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurmanın riskini gücləndirir.

Hər kəs – həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidir ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bu günə qədər olduğu kimi bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq.

Necə ki, bu gün - fevralın 13-də DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdiyi təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, Ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti