...

Azərbaycanda qızıl-mis emalı zavodundan qiymətli metalı oğurlamaqda təqsirli bilinən şəxslər yaxalanıblar

Hadisə Materials 22 Dekabr 2011 15:25 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodundan qiymətli metalı oğurlamaqda təqsirli bilinən şəxslər yaxalanıblar.
Azərbaycanda qızıl-mis emalı zavodundan qiymətli metalı oğurlamaqda təqsirli bilinən şəxslər yaxalanıblar

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodundan qiymətli metalı oğurlamaqda təqsirli bilinən şəxslər yaxalanıblar.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən cümə axşamı Trend-ə bildiriblər ki, Azərbaycan vətəndaşları Səmədov Natiq Nəriman oğlu, Heydarov Valeh Şahmar oğlu, Haqverdiyev Vüqar Abbasəli oğlu, Musayev Zaman Həsən oğlu və Sadıqov İqbal İbrahim oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Gədəbəy rayonunda yerləşən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin qızıl-mis emalı zavodundan tərkibində 368 qram təmiz qızıl olan 920 qram çəkidə xam qızılı oğurlayıblar.

Müəyyən edilib ki, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunda işləyən Zaman Musayev və İqbal Sadıqov qrupun digər üzvləri Vüqar Haqverdiyev, Natiq Səmədov və Valeh Heydarovla birlikdə həmin zavoddan xam qızılın oğurlanması, sonradan onun emal edilərək satılması və əldə edilmiş qazancın öz aralarında bölüşdürülməsi barədə razılığa gəliblər.

Qrup üzvləri arasında əvvəlcədən müəyyən olunmuş vəzifə bölgüsünə əsasən, Zaman Musayev və İqbal Sadıqov həmin zavoddan 1 kiloqrama yaxın xam qızılı oğurlayaraq Vüqar Haqverdiyev və Natiq Səmədovun vasitəsilə Valeh Heydarova çatdırıblar. Valeh Heydarov da həmin qızılı satmaq məqsədilə Bakı şəhərinə apararkən saxlanılıb, onun üzərinə və şəxsi əşyalarına keçirilmiş baxış zamanı sonuncuya məxsus çantanın içərisindən 920 qram xam qızıl aşkar olunaraq götürülüb. Valeh Heydarovun Bakı şəhərində yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində tərkibindən qızıl əldə edilməsi nəzərdə tutulan mikrosxemlər, xam qızılın emalı üçün nəzərdə tutulan turşu məhlulu və qaynaq lampası aşkarlanıb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla gizli olaraq talamaqla oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti