Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/
2015-ci ilin mart ayı ərzində 1,886,457 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar zamanı 77 PHS, 4 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis, 117 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
ANAMA tərəfindən indiyədək cəmi 283,053,372 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,960-dır.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.
Qeyd edilən müddət ərzində ölkədə mina/PHS hadisəsi qeydə alınmayıb.