...

Qol çəkdirib 7 min manat yardım verdilər, sonra əlimdən aldılar - Vilyam Hacıyevin məhkəməsində şahid

Hadisə Materials 1 Aprel 2022 11:53 (UTC +04:00)
Qol çəkdirib 7 min manat yardım verdilər, sonra əlimdən aldılar - Vilyam Hacıyevin məhkəməsində şahid
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Elnur İsayev bildirib ki, İmişli rayon İcra Hakimiyyətinin binasının tikintisi zamanı Vilyam Hacıyevi tanıyıb.

"Vilyam müəllimin qəbulunda olmuşam, tanıyıram. Tikintini aparan şirkətin icraçı direktoru olmuşam",- deyə şahid bildirib.

Prosesdə Vilyam Hacıyev bildirib ki, şahidi tanımır.

Sahibkar Həsən Zahidov isə bildirib ki, İmişlidə yükdaşıma şirkəti var: "Vilyam Hacıyevlə heç bir münasibətimiz olmayıb. Obyekt tikirdim, memar Rəsulov Nazim gəldi ki, tikinti qanunsuzdur. Biz sərəncamı göstərdik, dedi ki, Vilyam Hacıyev deyib ki, tikintini dayandırın. Mən sərəncamı əvvəlki başçıdan almışdım. Sərəncamın surətini verdim Nazimə getdi. Sonradan zəng vurub dedi ki, tikintini davam etdirmək üçün Vilyam Hacıyev 2 min manat istəyir. Dedi ki, əks təqdirdə polis çağıracağıq. Mən də məcbur olub 2 min manat verdim. Çünki məcbur idim, tikintini dayandırmışdı. Tikintini aparmalı idim, dolanacağım ondan çıxır".

Prosesdə ifadə verən sahibkar Xəqani Cəfərov da bildirib ki, rayonun abadlaşması adı ilə ondan 5 min manat alıblar.

Digər şahid Teymur Quliyev isə qeyd edib ki, rayonda təsərrüfatla məşğuldur: "Atamın vəziyyəti yaxşı deyildi. İmişli rayon İcra Hakimiyyətinə müraciət edib yardım istədi. Məni Cəmil Musayev çağırıb dedi ki, sənə yardım yazırıq, amma sənə cəmi 1000 manat verəcəyik. Pula qol çəkdirdilər, 1 manat verdilər, 6 min manatı özləri götürdü".

Prosesdə ifadə verən İmişli rayon sakini Xəyyam Məmmədov isə bildirib ki, adına yazılan maddi yardımı mənimsəyiblər: "Mən icra hakimiyyətinə müraciət etdim ki, imkanım yoxdur, maddi yardım versinlər. Mənə qol çəkdirib 7 min manat verdilər, sonra tutub əlimdən aldılar. Şikayət etməmək üçün 200 manat verdilər yola saldılar".

İmişli rayon sakini Habil Cəfərov isə bildirib ki, rayon ərazisində işlətdiyi yeməkxananın ərazisini böyütmək üçün müraciət edib. İcra hakimiyyətindən çağırıb bildiriblər ki, bunun üçün 1500 manat verməlisən. Sahibkar da həmin pulu verib, binanın sahəsini böyüdüb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti