...

Yaponiyalı alimlər kök hüceyrələrdən siçan yaratdılar

Maraqlı Materials 5 Oktyabr 2012 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Yaponiya alimləri dəri hüceyrələrindən alınan kök hüceyrələrlə yaratdıqları yumurtalardan yeni nəsil siçanlar əldə ediblər. Bu barədə Trend Türkiyə KİV-inə istinadən xəbər verir.

"Science" jurnalında dərc olunan məlumata görə, yumurtaların kök hüceyrədən istifadə edilməklə yaradılması və körpə siçan əldə edilməsi məqsədilə döllənməsi üçün inkişaf etdirilən üsulun insanlara uğurlu şəkildə tətbiqi zamanı övladsız cütlüklərin və qadınların menopozdan sonra uşaq sahibi olmalarına kömək edə biləcəyi qeyd edilir.

Kyoto Universitetində ötən il kök hüceyrədən istifadə edərək canlı spermalar əldə edən alimlər bu dəfə oxşar üsulla kök hüceyrələrindən döllənə bilən yumurtalar əldə ediblər.

Embriyodan və dəri hüceyrələrindən aldıqları kök hüceyrələrlə yumurta əldə edən alimlər bu yumurtaları siçanların yumurtalıqlarında olan digər hüceyrələrlə əhatə edərək laboratoriya şəraitində yeni bir yumurtalıq yaradıblar.

Araşdırmaçılar daha sonra bu yumurtalığı dişi siçanlara nəql ediblər. Yetişən yumurtalar təkrar toplanaraq erkək siçandan alınan spermalarla dölləndirilib. Döllənən yumurtalar isə daşıyıcı anaların uşaqlığına yerləşdirilib.

Tədqiqatı aparan professor Katsuhiko Hayaşi daşıyıcı anaların sağlam və döllənə bilən körpə siçanlar dünyaya gətirdiyini bildirib.

Əsl məqsədlərinin uşaqsız ailələrin övlad sahibi olmasına kömək etmək olduğuna diqqət çəkən Hayaşi bu məqsədə çatmaq üçün yalnız yeni elmi işlərin aparılmasının yetərli olmadığını və bir çox etik mübahisələrin aparılmasının vacibliyini bildirib.

Kök hüceyrələr qandan sümüyə, sinirdən dəriyə - hər cür hüceyrəyə çevrilə bilmək xüsusiyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti