...

Helsinkidə keçiriləcək görüşdə etibarın möhkəmləndirilməsi üzrə tədbirlərin hazırlanması planlaşdırılır – ATƏT-in Minsk Qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2008 09:59 (UTC +04:00)
Helsinkidə keçiriləcək görüşdə etibarın möhkəmləndirilməsi üzrə tədbirlərin hazırlanması planlaşdırılır – ATƏT-in Minsk Qrupunun həmsədri

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir E.Tariverdiyeva/ ATƏT-in Minsk Qrupunun həmsədrləri Helsinkidə etibarın möhkəmləndirilməsi üzrə tədbirlər hazırlamağa ümid edirlər. Bu, əməkdaşlığın gücləndirilməsi və silahlı münaqişə riskinin azaldılmasına imkan yaradacaq. Bu barədə çərşənbə axşamı Trend -a ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza bildirib.

"Helsinkidə aparılacaq müzakirələrin əsas bəndi ATƏT-in həmsədr ölkələri, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üçün əsasları müəyyən edən başlıca prinsiplərin başa çatdırılması üzrə səylərindən ibarət olacaq", - deyə Brayza bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbti görüşü ATƏT-in Minsk Qrupunun Xarici İşlər Nazirləri Şurasının dekabrın 4-5-də Helsinkidə keçiriləcək iclası öncəsi baş tutacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü noyabrın əvvəlində Moskvada İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın üçtərəfli görüşü çərçivəsində baş tutub.

Həmsədrin sözlərinə görə, hər bir ölkənin lideri başlıca prinsiplərin fərqli elementlərini nəzərə çatdırır. "Ermənistan prezidenti öz müqəddəratnı təyin etmə hüququnun konsepsiyası barədə məsələyə xüsusi əhəmiyyət verir. Azərbaycan prezidenti ölkənin ərazi bütövlüyü ideyasını qeyd edir, bizim vasitəçi qismində işimiz - qarşılıqlı razılaşma yolu ilə bütün bu konsepsiyaları nəzərə alan sazişin bağlanmasında hər iki tərəfə yardım göstərməkdən ibarətdir", - deyə Brayza bildirib.

"Bu asan deyil, lakin mən əminəm ki, biz hər iki ölkə liderinin və vətəndaşlarının razılığa gəlməyə hazır olduğu bir şəraitdə balansa nail ola bilərik. Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına inanırıq", - deyə ATƏT-in Minsk Qrupunun həmsədri bildirib.

Ermənistan Azərbaycan torpaqlarının 20%-ni, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988-ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək sülh danışıqlarını davam etdirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti