...

ATƏT PA-nın rəhbəri Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində kompromisə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2009 12:14 (UTC +04:00)
ATƏT PA-nın rəhbəri Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində kompromisə çağırır

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir E.Rüstəmov /

ATƏT-in Parlament Assambleyası ATƏT-in Minsk Qrupu ilə birgə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və balanslaşdırılmış həllinə yönəldilən səyləri həmişə dəstəkləyib. Bu barədə ATƏT-in Parlament Assambleyasının prezidenti Joao Soareş bildirib.

"Biz, həmçinin bu münaqişənin hərbi yolla həlli variantının mövcud olmadığını təsdiq etmişik. Bu məsələnin nizamlanmasının yeganə üsulu hər iki dövlətin iştirakı ilə, siyasi yolla həllidir", - deyə Soareş bildirib. Bu barədə Trend -a şənbə günü ATƏT-in Vyanadakı ofisindən bildiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.

Soareşin sözlərinə görə, ATƏT PA-sı Ermənistan və Azərbaycan parlamentlərinin nümayəndə heyətləri arasında bir sıra görüşlər təşkil edib. Onun fikrincə, bu görüşlər dialoqda hər iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi və bütün ünsiyyət imkanlarının saxlanılması üçün vacibdir.

"Ermənistan və Azərbaycan eyni geosiyasi məkanda yerləşir və böyük iqtisadi əməkdaşlıqdan əhəmiyyətli dərəcədə üstünlük əldə edə bilərlər. Bu dəyişikliklər iqtisadi əlaqələrin gələcəkdə möhkəmlənməsi üçün əsas olacaq və həmçinin Dağlıq Qarabağ probleminə də təsir edəcək", - deyə o bildirib.

Soareşin sözlərinə görə, Avropa İttifaqının "Şərqi tərəfdaşlıq" proqramı da qarşılıqlı mübadilənin genişləndirilməsində mühüm rol oynaya və bununla müxtəlif icmalar arasında barışığın əldə olunmasına yardım göstərə bilər.

"ATƏT-in Parlament Assambleyası Ermənistan və Azərbaycan arasında aparılan danışıqları izləyir və əmindir ki, sülhün əldə olunmasına real şans var. Bu imkandan istifadə etmək lazımdır", - deyə Soareş bildirib.

ATƏT PA-nın prezidenti Rusiyanın Ermənistana silah ötürməsi ehtimalları barədə yayılan informasiyaların həyəncan doğurduğunu bildirib.

O bildirib ki, bu informasiyanı sonadək aydınlaşdırmaq lazımdır. Onun sözlərinə görə, nəyin bahasına olursa-olsun münaqişə tərəfləri arasında mövcud olan gərginliyin yaranmasına yol verməmək lazımdır.

Bəzi kütləvi informasiya vasitələri bu yaxınlarda Rusiyanın Ermənistana Gümrüdəki 102 saylı hərbi bazasından təqribən 800 mln. dollar həcmində silah və hərbi texnika verməsi barədə informasiya yayıb. Rusiyanın Azərbaycandakı sabiq səfiri Vasili İstratov vəziyyətin aydınlaşdırılması üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub. Daha sonra Rusiya Federasiyasının Müdafiə və Xarici İşlər Nazirlikləri Yerevana Rusiya silahlarının tədarük edilməsi ilə bağlı yayılan informasiyaları təkzib edib. Lakin Bakı Moskvanın cavabından narazı qalıb. İki ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon söhbəti zamanı bu məsələ ilə bağlı məsləhətləşmələrin aparılması qərara alınıb.

Soareş hesab edir ki, beynəlxalq ictimaiyyət bu münaqişənin sülh yolu ilə nizamlanmasına dəstək göstərməlidir. "Bununla yanaşı, əsas məsuliyyət əvvəlki kimi Ermənistan və Azərbaycanın üzərinə düşür. Hamıya məlumadur ki, tərəflər apardıqları danışıqlarda kompromiss əldə etməlidirlər. Biz hər iki rəhbərlikdən məhz bunu gözləyirik", - deyə Soareş bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti