...

International Alert təşkilatının dəstəyi ilə Vyanada keçirilən Ermənistan-Azərbaycan forumu başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2009 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir E.Rüstəmov/ Martın 24-dən 27-dək Vyanada keçirilən "Təhlükəsizlik: çağırışlar və imkanlar eləcə də etibarın qurulması üçün mexanizmlər" adlı Ermənistan-Azərbaycan forumu başa çatıb. International Alert  təşkilatının nümayəndəsi Dessislava Roussanovanın Trend -a bildirdiyinə görə, forum üç əsas istiqaməti müəyyənləşdirib. Bunlara əsasən etibarın möhkəmləndirilməsi ilə bağlı təşəbbüslər gücləndirilməlidir. Roussanovanın sözlərinə görə, müvafiq istiqamətlər özündə hər bir cəmiyyət daxilində işlərin aparılması, insanlar arasında birbaşa təmasların dəstəklənməsi, habelə mümkün olan sahələrdə ermənilər və azərbaycanlılar arasında birgə təşəbbüslərin reallaşdırılması üzrə fəaliyyət kimi məsələləri əks etdirir.
"Təhlükəsizlik: çağırışlar və imkanlar eləcə də etibarın qurulması üçün mexanizmlər" Ermənistan-Azərbaycan forumu International Alert dəstəyi ilə 24-27 martda Vyanada keçirilib. Forumun iştirakçıları Ermənistandan və Azərbaycandan olan vətəndaş cəmiyyəti liderləri, münaqişə tərəflərini təmsil edən ekspert və ziyalılar olub. Bununla yanaşı, ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) forumda iştirak ediblər.
Roussanova qeyd edib ki, forum həmçinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yollarla həllinə yardım göstərmək məqsədi ilə fəaliyyət göstərən beynəlxalq vasitəçilərlə birbaşa danışıqlar üçün imkan yaradıb. Onun sözlərinə görə, müzakirə üçün bu əsas sülhün bərqərar olması prosesinə bilavasitə vətəndaş cəmiyyətinin cəlb edilməsi işində çox mühüm bir addımdır. "Bu addımı alqışlamaq lazımdır. Vətəndaş cəmiyyətinin bir çox liderləri belə imkanları alqışlayır və mən ümid edirəm ki, bu qarşılıqlı fəaliyyət bu və ya digər formada gələcəkdə davam edəcək. International Alert-in dünyanın digər bölgələrində sülh proseslərindəki təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti sülhün bərqərar olması proseslərində çox önəmli rolu oynaya bilir", - deyə o vurğulayıb.
Roussanova əlavə edib ki, International Alert təşkilatı, habelə Ermənistan və Azərbaycan nümayəndələri bir sıra konkret təşəbbüslərin həyata keçirilməsi üzərində çalışacaqlar: "Bu təşəbbüslərin məqsədi vətəndaş cəmiyyəti liderlərinin məsələlərin geniş spektrini müzakirə edə biləcəkləri dialoq platformasını yaratmaqdan ibarətdir". 
Onun sözlərinə görə, növbəti forum 2009-cu ilin iyulunda keçiriləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti