...

Azərbaycanlı deputat Dağlıq Qarabağ və Ermənistana səfərdən sonra münaqişənin nizamlanmasına inamın artdığını deyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2009 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağa və Ermənistana səfərdən sonra münaqişənin sülh yolu ilə nizamlanmasına inamının daha da artdığını deyib.

"Həm Xankəndində, həm də Yerevandakı görüşlərdən, Ermənistan Prezidenti Serj Sarkisyanla aparılan dialoqdan sonra belə qənaətə gəlmişəm ki, sülh axtarışı prosesində böyük işlər görülüb və hazırda prosesi yekunlaşdırmaq üçün böyük potensial var. Düşünürəm ki, sülhə nail olmaq üçün bu cür səfərlərin xüsusi əhəmiyyəti olacaq", - şənbə günü Trend -a Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Trend -un arayışı: Cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkonun, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın görüşü keçirilib.

Xankəndinə gələn nümayəndə heyətində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi olub.

Azərbaycan nümayəndə heyəti daha sonra Ermənistana gedib və orada Prezident Serj Sarkisyanla da görüşüblər.

Günün sonunda Azərbaycan və Ermənistan nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüblər.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir.

28 iyun 2007-ci ildə iki ölkənin RF-dəki səfirlərinin təşəbbüsü ilə erməni və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfəri baş tutub.

Mollazadənin sözlərinə görə, bu ilin sonunadək sülh prosesində bir çox şeylərə nail olmaq mümkündür.

"Münaqişənin nizamlanması üçün heç vaxt indiki kimi fürsət olmayıb", - partiya sədri əlavə edib.

Millət vəkili deyib ki, Dağlıq Qarabağa və Ermənistana növbəti dəfə belə görüşlər təşkil oluna bilər.

"Düşünürəm ki, hətta tərkib genişlənə də bilər. Hətta parlament, vətəndaş cəmiyyəti, media səviyyəsində prosesi daha da intensivləşdirmək mümkündür. Bu zaman cəmiyyətlərin dövlət rəsmilərinə müəyyən qədər dəstəyinə də nail ola bilərik. Sülhə hazırlıq ab-havası yaratmaq üçün bu proses daha da inkişaf etdirilməlidir", - Mollazadə vurğulayıb.

Onun fikrincə, bu cür görüşlərin intensivləşməsi dövlət rəsmiləri arasında münaqişənin sülh yoli ilə nizamlanmasını mütləq sürətləndirəcək.

"İlk müsbət təsir isə ondan ibarətdir ki, cəmiyyətlər siyasi dairələrə müvafiq dəstəyini verir. Bu görüşlər mövqelərin daha da yaxınlaşmasına səbəb olur", - millət vəkili deyib.

Şuşa ilə bağlı təəssüratlarına gəldikdə, Mollazadə orada gördüklərindən çox təəssüfləndiyini deyib.

"Təbii ki, şəhərdə çox az adam yaşayır və Şuşa çox ağır vəziyyətdədir", - millət vəkili bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti