Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir E.Ostapenko /
ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir, bundan hər iki ölkə və ümumilikdə region qazanacaq, bu barədə şənbə günü ABŞ Dövlət katibinin müavini Ceyms Staynberq jurnalistlərə bildirib.
"Düşünürüəm ki, münaqişənin bütün tərəflərinin bu cür konstruktiv yanaşması hər iki xalqın maraqlarının gözlənilməsi üçün ən yaxşı şansdır", - deyə o bildirib.
ABŞ Dövlət katibi müavininin sözlərinə görə, onun Azərbaycana səfərinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin müzakirəsidir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
"Biz ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq nəticəsində əldə olunan sonuncu irəliləyişlərdən çox ümidliyik. Ötən həftə həmsədrlərin görüşündən sonra və prezidentlərin Moskvaya səfəri ərəfəsində münaqişənin həll üçün real imkanlar görürük", - deyə Staynberq bildirib.
Onun sözlərinə əsasən, Prezident İlham Əliyev və Azərbaycan hökumətində münaqişənin konstruktiv həlli üçün güclü istək olduğunu görür.