...

Həmsədr ölkələr Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb etməlidir – Novruz Məmmədov (MÜSAHİBƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2010 18:02 (UTC +04:00)
Trend News-un Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsi
Həmsədr ölkələr Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb etməlidir – Novruz Məmmədov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir S.Ağayeva/

Trend -un Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsi

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Soçi danışıqlarının yekunlarını necə qiymətləndirirsiniz? Münaqişənin nizamlanmasında irəliləyişin olması barədə danışmaq mümkündürmü?

- Qeyd etmək lazımdır ki, Soçi danışıqları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların bu mərhələsinin ən mühüm məqamlarından biri idi. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün bütün iradəsini ortaya qoyaraq əlindən gələni edib və bu istiqamətdə mühüm addımlar atılıb.

Təkcə ötən il ərzində Azərbaycan Prezidentinin müxtəlif formatda Ermənistan Prezidenti ilə altı görüşü olub və doğrudan da bu proseslər bir sıra başqa məsələlərlə əlaqələndirilərək dünyanın böyük dövlətlərinin, Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya Rederasiyasının rəhbərlərinin diqqətini bu münaqişənin həllinə yönəldib. Eyni zamanda, bir sıra başqa faktorlar burada öz təsirini göstərib, yəni proseslərin bu istiqamətdə inkişafı bizə ümüd verir ki, nəhayət bu proses uğurla nəticələnməlidir. Amma burada əlbəttə ki, həmsədr ölkələrin və onların rəhbərlərinin də böyük rolu olmalıdır.

Təhlükəsizliyin və sabitliyin təmin olunması üçün böyük dövlətlərin mövqeyinin çox böyük əhəmiyyəti var. Bu münaqişənin həllində isə üç böyük dövlət - ABŞ, Rusiya Federasiyası və Fransa kimi dünyanın aparıcı dövlətləri mühüm rol oynayır. Və biz fikirləşirik ki, onların konkret və qəti mövqeyi nəticəsində bu münaqişə öz həllini tapa bilər. Amma fikrimcə, hələlik bu istiqamətdə şəxsən mənim gözlədiyim, arzu etdiyim ədalətli mövqe, beynəlxalq hüquq çərçivəsində olan mövqe ortada olmadığı üçün istədiyimiz ciddi addımı ata bilmədik.

Amma bununla belə Rusiya Federasıiyasının Prezidenti də orada iştirak edirdi və bu da ümid verirdi ki, burada bir şey gözləmək lazımdır. Eyni zamanda, bütün bunları nəzərə alsaq, istədiyimiz addımın atılmasına nail olmasaq da, hər halda danışıqların gedişini, elə orada RF XİN rəhbərinin verdiyi bəyanatda olduğu kimi, mən də qiymətləndirirəm ki, proses davam etməlidir, yəni preambula hissəsində müəyyən razılaşma əldə edilə bilər və bu hissə ilə bağlı mövqelərin yaxınlaşması ümüdverici haldır.

Buna baxmayaraq, mənim mövqeyim bundan ibarətdir ki, bu son mərhələdə - danışıqların indiki mərhələsini son mərhələ hesab etmək olar - Ermənistana Beynəlxalq Valyuta Fondu, RF, ABŞ, Aİ tərəfindən köməkdən əlavə, ona qarşı təzyiqi artırmaq lazımdır. Çünki ədalətli mövqeni müdafiə etmək üçün, ədaləti bərpa etmək üçün bütün addımların atılması vacibdir və bunu etmək lazımdır. Həmsədrlər də, həmsədr ölkələr də bu təzyiqi artırmalıdırlar ki, münaqişənin həllində irəliləyiş əldə oluna bilsin.

Ermənistan tərəfi zaman-zaman bu gün bir mövqe, sabah başqa mövqe tutur, ilin əvvəlində bir mövqe, ilin ortasında da başqa mövqe tutur. Siyasətdə də, diplomatiyada da bunu etmək olmaz.

İki nümunə gətirim. Protokollarla bağlı altı ölkənin xarici işlər nazirinin iştirakı ilə iki ölkənin xarici işlər naziri protokollar imzalayıb razılama əldə edirlər, müxtəlif mövqelərin olmasına baxmayaraq, bir neçə aydan sonra Ermənistan ona əlavə şərtlər də qoyur. Bu nə deməkdir? Bu qeyri-normal davranışdır.

Və yaxud, Madrid prinsipləri ilə bağlı iki il - 2007-ci ildən 2009-cu ilə qədər Ermənistan tərəfi bizə təzyiqlər göstərirdi, bütün tərəflərə bəyan edirdi ki, onlar Madrid prinsiplərini bəyənir, lakin biz istəmirdik, razılaşmırdıq. Lakin, nəhayət biz öz təkliflərimizi də bura əlavə edərək, ortaya qoyaraq bununla razılaşandan sonra onlar bizə bəyan edirlər ki, biz Madrid prinsiplərini bəyənmirik. Bu necə ola bilər? Axı, bu ölkənin prezidenti ora imza atıb. Azərbaycan, RF və Ermənistan prezidentləri imza atıblar. Bundan sonra deyirlər ki, xeyr, biz bunu bəyənmirik. Buna siyasi riyakarliq deyirlər.

Butun bunların qarşısını almaq üçün dünya birliyinin, yəni həmsədrlər ölkələr qrupunun güclü təzyiqi olmalıdır Ermənistan tərəfinə, yəni Ermənistan tərəfinə öz yerini göstərmək lazımdır. Bu, vacib məsələdir.

-Siz Rusiyanın danışıqlar prosesindəki fəallığını necə qiymətləndirirsiniz? Rusiyanın rolu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini nə dərəcədə sürətləndirə bilər?

- Bu gün RF-nin Ermənistana müəyyən bir təzyiq göstərmədiyini qeyd etmək düzgün olmazdı, yəni RF Prezidenti iki görüşdə iştirak edib, dörd görüş onun vasitəçiliyi ilə baş tutub. Soçidə də bu belə oldu, ona görə də bunu qeyd etməmək düzgün olmaz.

Amma düşünürəm ki, təkcə belə yox, daha güclü bir təzyiq olmalıdır. Əgər doğrudan da RF regionda təhlükəsizliyin, sabitliyin uzun zaman bərqərar olmasını istəyirsə, bu ölkələrin əlaqələrinin etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq üzərində qurulmasını istəyirsə daha güclü təzyiq göstərməlidir. Daha doğrusu, "təzyiq" sözünü bəlkə də demək lazım deyil, ədalətli mövqe, beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirərək tələb etmək lazımdır ki, siz bu ölkənin ərazilərini tutmusunuz, bu müddət ərzində işğal altında saxlamısınız və indi də saxlayırsınız. Bunu etmək lazım deyil, bu, beynəlxalq hüquq pozuntusudur, bu işğaldır.

Bunu isə təkcə RF deyil, eyni zamanda, bütün dünya problemlərində, dünya məsələlərində mühüm rol oynayan ABŞ etməlidir, Fransa etməlidir. Mən şəxsən düşünürəm ki, hər üç dövlət bu istiqamətdə öz səylərini artıra bilərlər və artırmalıdırlar. Bu, ədalətli konkret mövqenin ortaya qoyulması olar.

- Madrid prinsiplərinin preambulasının razılaşdırılmamış məqamları nədən ibarətdir? Azərbaycan bu məqamlarda nə dərəcədə güzəştə getməyə hazırdır?

Madrid prinsiplərinin yeni və köhnə varianti anlayışlarını mən qəbul etmirəm. Kimsə hər hansı bir əlavə təklif edirsə, bunu yeni variant adlandırmaq düzgün deyil. Biz artıq bununla bağlı mövqeyimizi bildirmişik. Azərbaycan Prezidentinin Moskvada imzaladığı sənəddə - Mayndorf bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh və danışıqlar yolu ilə, müharibə olmadan münaqişənin həlli vacib bilinib. Biz də bunu qəbul edirik, bunu demişik, sadəcə olaraq hansısa yeni təkliflər varsa, bununla bağlı hələlik məlumatım yoxdur. Bu barədə həmsədrlər müəyyən bir mövqe formalaşdırıb təqdim etməlidirlər. Düçünürəm ki, hər şey Ermənistanın vaxtı uzatmasından asılıdır, onlar siyasəti oyuncağa çevirib, istədiyi addımı atırlar və onlara heç kim heç nə demir. Əsas məsələ bundan ibarətdir ki, onları yerlərini göstərmək lazımdır. Düşünürəm ki, bu məsələdə əsas faktor Ermənistanın ədalətli konkret mövqe qarşısında qoyulmasıdır ki, onlar bu addımı atmalıdırlar.

Azərbaycanin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun 750 min nəfər vətəndaşi 20 ildir ki,  məcburi köçkündür. Söhbət bu insanların taleyindən gedir, birinci növbədə onların torpaqları qayıtmalıdır, bundan sonra o biri proseslər getməlidir.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar nə vaxta gözlənilir?

Hər şey Ermənistanın mövqeyini konkretləşdirməsindən asılıdır, Ermənistan tərəfi öz mövqeyini açıq-aydın mümayş etdirməlidir. Bu ay bir oyun, gələn ay ayrı oyun oynamağa ehtiyac yoxdur, bizim də bunu axıra qədər gözləməyə səbrimiz qalmayıb. Buna görə də həmsədrlər növbəti dəfə regiona gələn zaman məhz Ermənistanın bu məsələlərlə bağlı mövqeyinin nədən ibarət olduğunu Prezidentimizə məlumat verməli, məruzə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti