...

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin tərəfdarıdır - Mod de Bur Bukikkio

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2010 12:32 (UTC +04:00)
Avropa Şurasına üzv ölkələrin problemləri bizim hamımızın problemidir. Biz regional münaqişələrin insanların mənəvi-psixoloji vəziyyətinə mənfi təsirini yaxşı bilirik.
Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin tərəfdarıdır - Mod de Bur Bukikkio

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Hüseynbala/

Avropa Şurasına üzv ölkələrin problemləri bizim hamımızın problemidir. Biz regional münaqişələrin insanların mənəvi-psixoloji vəziyyətinə mənfi təsirini yaxşı bilirik. Ona görə də regional münaqişələrin - xüsusən də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə həllinə tərəfdarıq, - Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Baş katibinin müavini xanım Mod de Bur Bukikkio mayın 25-də Milli Məclisdə Uşaq hüquqları üzrə Parlament qrupunun üzvləri ilə görüşündə söyləyib.

Parlament qrupunun sədr müavini, Milli Məclisin deputatı Gülər Əhmədova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. O deyib ki, Uşaq hüquqları üzrə Parlament qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların, ailələrin problemlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Uşaqların təhsil, səhiyyə və sosial tənhalıq probleminin həlli hər zaman dövlətin diqqət mərkəzindədir. Son illər respublikamızda talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsi üçün mərkəzlər tikilib. Eyni zamanda, yeni məktəblər tikilmiş, bəziləri əsaslı təmir olunmuş, tədris ocaqlarının, demək olar ki, hamısı kompüterləşdirilib.
Sonra Parlament qrupunun üzvləri, Milli Məclisin deputatları Asəf Hacıyev, Rövşən Rzayev, Rəfael Cəbrayılov, Əhməd Vəliyev, Gövhər Baxşəliyeva, Həvva Məmmədova, Hikmət Atayev çıxışlarında vurğulayıblar ki, bəzi problemlər var ki, Azərbaycan dövləti hələ də onların həllinə nail ola bilməyib. Bu da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədardır. Erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların mənəvi-psixoloji durumu, xüsusən də erməni əsirliyində qalan və ya əsirlikdən, girovluqdan azad edilmiş insanların sosial-psixoloji vəziyyəti cəmiyyətimiz üçün ciddi problem olaraq qalmaqdadır.

Xanım Mod de Bur Bukikkio deyib ki, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun uşaq problemləri ilə bağlı həyata keçirdikləri layihələr olduqca təqdirəlayiqdir.

Xəbər lenti

Xəbər lenti