...

Almaniya azərbaycanlıları ARTE efirinə etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2010 14:44 (UTC +04:00)
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) bu ölkənin ARTE televiziya kanalına etiraz məktubu göndərib.
Almaniya azərbaycanlıları ARTE efirinə etiraz edib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) bu ölkənin ARTE televiziya kanalına etiraz məktubu göndərib. Bu barədə bazar ertəsi Trend-ə AAKM-dən bildiriblər.

ARTE TV teleefirində iyulun 14-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının təhrif olunduğu Jan-Marfi Barrenin "Haut Karabagh: Gomchassar" adlı filmini nümayiş etdirib və internet-səhifəsində yerləşdirib. Film iyulun 21-də təkrar efirə verilib.

Filmdə Dağlıq Qarabağın uca dağlarından bəhs olunsa da, regiondakı siyasi proseslərə də toxunulub və bəzi məsələlər təhrif olunub, yanlışlığa yol verilib. Sənədli filmdə Dağlıq Qarabağdakı hadisələr birtərəfli, erməni nöqteyi-nəzərindən şərh olunaraq, faktlar qondarma və yalan şəklində tamaşaçıya təqdim edilir.

Almaniya azərbaycanlılarının ARTE teleşirkətinə təqdim etdiyi etiraz məktubunda hadisələrin obyektiv şəkildə işıqlandırılmaması, problemə birtərəfli münasibət, daha dəqiq desək, ermənipərəst mövqedən yanaşıldığı vurğulanıb, jurnalist etikasına yad olan zəif araşdırmalar tənqid edilib, plüralizmin hakim olduğu demokratik cəmiyyətdə media tərəfindən faktların təhrifinə yol verilməsi mənfi hal kimi qiymətləndirilib. Etiraz məktubunda Dağlıq Qarabağ həqiqətləri, Xocalı faciəsi, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi barədə də bilgi verilib, bu münaqişənin dinlə əlaqəli olmadığı vurğulanıb.

Televiziya şirkətinə göndərilən etiraz məktubunda bu cür proqramlarda siyasi məsələlərə toxunarkən hər iki xalqın taleyi barədə həqiqi faktların açıqlanması tövsiyə edilib, ermənilərin minlərlə azərbaycanlıya qarşı törətdikləri qanlı cinayətlər hesabına "qondarma müstəqilliyini" bayram etdikləri ifşa olunub.

"Bu, sivil cəmiyyətimizin iflasa uğraması deməkdir və Avropa mediasının peşə etikasına uyğun deyil", - məktubda qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti