...

ARTE kanalı Azərbaycan əleyhinə olan filmin təkrar nümayişini efirdən çıxarıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Avqust 2010 16:19 (UTC +04:00)
ARTE Fransa-Almaniya müştərək kanalının rəhbərliyi qondarma "Dağlıq Qarabağ respublikası"nın beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığını, münaqişə ilə bağlı öz hökumətlərinin mövqeyindən xəbərdar olduğunu, Azərbaycanın ərazi bütövlüyü məsələsinə həssas yanaşmasını qeyd edib.
ARTE kanalı Azərbaycan əleyhinə olan filmin təkrar nümayişini efirdən çıxarıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir S.Ağayeva/

ARTE Fransa-Almaniya müştərək kanalının rəhbərliyi qondarma "Dağlıq Qarabağ respublikası"nın beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığını, münaqişə ilə bağlı öz hökumətlərinin mövqeyindən xəbərdar olduğunu, Azərbaycanın ərazi bütövlüyü məsələsinə həssas yanaşmasını qeyd edib. Bu sözlər ARTE-nin prezidenti Jerom Kleman tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə ünvanlanan məktubda qeyd olunub. Bu barədə Trend-ə cümə axşamı Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov bildirib.

ARTE TV teleefirində iyulun 14-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının təhrif olunduğu Jan-Marfi Barrenin "Haut Karabagh: Gomchassar" adlı filmini nümayiş etdirib və internet-səhifəsində yerləşdirib.

Filmdə Dağlıq Qarabağın gözəl dağlarından bəhs olunsa da, regiondakı siyasi proseslərə də toxunulub və bəzi məsələlər təhrif olunub, yanlışlığa yol verilib. Sənədli filmdə Dağlıq Qarabağdakı hadisələr birtərəfli, erməni nöqteyi-nəzərindən şərh olunaraq, faktlar qondarma və yalan şəklində tamaşaçıya təqdim edilir.

Azərbaycanın Fransadakı səfirliyi film efirə çıxandan sonra kanalın rəhbərliyinə etiraz məktubu göndərib.

ARTE kanalının prezidenti Jerom Kleman tərəfindən səfirliyə ünvanlanmış son məktubda "Haut Karabagh: Gomchassar" ("Dünyanın bütün dağları") silsilə verilişlərinin məqsədinin heç də dağlıq regionların geosiyasəti ilə məşğul olmaq olmadığı, sadəcə mənzərələrin, ənənələrin, mifologiyanın və ya yerli inkişafın əsas meyarlarının işıqlandırılması olduğu qeyd edilib.

Səfirliyin reaksiyasından sonra kanal rəhbərliyi həmin filmin 21 iyul tarixinə nəzərdə tutulmuş təkrar nümayişini dayandırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti