Cənubi Qafqaz regionu xalqları öz problemlərini digər ölkələrin müdaxiləsi olmadan həll edə bilərlər. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşü zamanı bildirib, - ISNA məlumat verir.
"Region ölkələri aralarında digər ölkələrin onların daxili işlərinə müdaxilələri olmadan həll edə bilmədikləri problem yoxdur", - o deyib.
Əhmədinejad regionda uzunmüddətli sabitliyin bərqərar olmasının zəruriliyini qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.