Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Hacıyev/
Xocalı faciəsinə ədalətli qiymət verilməsi üçün Meksika Konqresi də daxil olmaqla beynəlxalq ictimaiyyət öz səylərini birləşdirməlidir. Trend-in Azərbaycanın Meksikadakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Markos Peres Xocalı facıəsinin 19-cu il dönümü ilə əlaqədar Meksika Konqresində təşkil olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Çıxış edən digər deputatlar qeyd ediblər ki, Xocalı hadisələri insan hüquqlarının ən kobud şəkildə pozulmasının bariz nümunəsidir. Bildirilib ki, təcavüzün sərhədi və milliyyəti yoxdur, işğalçılıq siyasəti, insan hüquqlarının pozulması və digər qeyri-insani cinayətlərin dayandırılması üçün Meksika Konqresi də öz səylərini artırmalıdır.
Tədbir zamanı, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış edib. Səfir bildirib ki, Xocalıda baş vermiş soyqırım nə qədər dəhşətli olsa da, bu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasında yalnız biridir. Səfir Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur ərazilərinin işğalı tarixindən də bəhs edib. O, Azərbaycanda mövcud olan dini və milli mənsubiyyət baxımından tolerantlıqla müqayisədə, ölkəmizin işğal edilmiş ərazilərində xalqımızın mədəni irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin və digər dini və tarixi abidələrin məhv edilməsi faktları dinləyicilərin diqqətinə çatdırıb.
Tədbir zamanı Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən 2010-cu ilin fevral ayında Xocalı faciəsi haqqında ilk dəfə olaraq ispan dilində hazırlanıb istifadəyə verilmiş /www.justiciaparajodyali.org/ İnternet səhifəsi barədə görüş iştirakçılarına məlumat verilib.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.