...

ATƏT-in Litva sədrliyi münaqişələrin həllində irəliləyişin əldə olunacağına nikbin yanaşır - xüsusi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2011 16:27 (UTC +04:00)
Ötən ilin dekabrında ATƏT məkanındakı münaqişələr məsələsində qurumin Astana sammitində irəliləyişin əldə olunmaması Litva sədrliyi üçün aktiv iş aparmasında əlavə stimul olacaq. ATƏT sədrinin həlli yubanan münaqişələr üzrə xüsusi nümayhəndəsi Gendryus Çekuolis belə hesab edir.
ATƏT-in Litva sədrliyi münaqişələrin həllində irəliləyişin əldə olunacağına nikbin yanaşır - xüsusi nümayəndə

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Y.Ostapenko/

Ötən ilin dekabrında ATƏT məkanındakı münaqişələr məsələsində qurumun Astana sammitində irəliləyişin əldə olunmaması Litva sədrliyinin aktiv iş aparmasına əlavə stimul olacaq. ATƏT sədrinin həlli yubanan münaqişələr üzrə xüsusi nümayhəndəsi Gedryus Çekuolis belə hesab edir.

"Diplomatiyada qabaqcadan planlaşdırılan məsələlərin hamısının reallaşdırılmasının baş tutmaması ilk hal deyil. Astana sammitində münaqişələr üzrə sənədlərin razılaşdırılmaması bu il Litva sədrliyi üçün Litvanın işinə yekun vurulacağı dekabr ayında Vilnüsdə nazirlərin görüşündə belə sənədlərin razılaşdırılmasına nail olmaq üçün aktiv işləməyə əlavə stimul olacaq", - Çekuolis çərşənbə axşamı Bakıda Trend-ə müsahibəsində bildirib.

Çekuolis Azərbaycanda ikigünlük səfərdədir. Səfərdə məqsəd martın ortalarında ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalisin Bakıda görüşlərinin təşkilidir. Çekuolis Bakıdan Tbilisiyə gedəcək və Cənubi Qafqaz turnesini Yerevandakı müzakirələrlə başa vuracaq.

"Litvanın ATƏT-də sədrliyinin lap əvvəlindən onun açıq, aydın və mümkün qədər konkret olacağı müəyyən edilib", - Çekuolis deyib.

ATƏT-in 56 üzv ölkəsinin müxtəlif problemləri, ənənələri və dini xüsusiyyətləri var. Bundan başqa, bütün məsələlər konsensus yolu ilə qəbul edilir və bu, əlbəttə ki, qərarların qəbul edilməsi prosesini çətinləşdirir. Çekuolis əlavə edib ki, nə vaxt qərar qəbul olunursa, o, fundamental qərar olur.

"Bütün ölkələr müxtəlifdir, lakin ümumi əsas tapmaq cəhdi var və ATƏT-in formatı buna kömək edir, - o deyib. - Mən nikbinəm. Əgər mən heç olmasa, kiçik bir irəliləyişin də əldə olunmasının mümkünlüyünə inanmasaydım, sadəcə olaraq münaqişə məsələləri ilə məşğul olmazdım".

Ekspert cəmiyyətində belə bir fikir qalır ki, Litva sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən daha çox gürcü münaqişəsinə diqqət ayıracaq. Çekuolis bu ehtimalları alt-üst edib.

O bildirib ki, belə iddialar işlərin real vəziyyətinə cavab vermir. "Mənim mandatıma aid olan Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələrin hər birinə ayrılan diqqəti hissələrə bölmək texniki baxımdan mümkün deyil, - Çekuolis qeyd edib. - Hər üç münaqişə bu il üçün mənim mandatıma aiddir və hər üçü üzrə yardım etmək üçün istənilən imkanı nəzərdən keçiririk. Hansısa ayrıca münaqişəyə üstünlük verildiyini demək olmaz ".

Dağlıq Qarabağ üzrə danışıqlar 1992-ci ildən ATƏT-in Minsk qrupunun himayəsi altında aparılır.

"Başa düşürəm ki, 18 illik danışıqlar əhəmiyyətli müddətdir, lakin Minskqrupu bu müddət ərzində ATƏT üçün çox şeylər edib, - Çekuolis deyib. - Bəli, münaqişə dondurulmuş olaraq qalır, lakin onun eskalasiyasına yol verilmədiyinə nail olunduğunu qiymətləndirmək lazımdır".

Səfirin sözlərinə görə, Minsk qrupu yaxşı vasitədir, lakin hər bir vasitəni sonsuzluğa qədər təkmilləşdirmək mümkündür.

Çekuolis Minsk qrupunun işində münaqişə tərəflərinin siyasi iradəsinin aşkara çıxması üçün daha çox səy göstərilməsini görmək istərdi.

"Siyasi iradə çatışmır və biz bu iradəni oyadacağımıza ümid edirik. Minsk qrupu buna qadirdir, - o deyib. - Biz inanırıq ki, bu qrup bir çox şeylərdə, əlbəttə ki, əlverişli siyasi vəziyyətlərdə irəliləyişlərə nail olacaq".

Səfir nizamlanma üzrə daha konkret tədbirlərin adını çəkməməyə üstünlük verib, çünki bütün təşəbbüsləri hələ müzakirə etmək lazımdır.

"Bu səfər zamanı mənim əsas məqsədim tərəflərin - həm Bakının, həm də Yerevanın fikrini diqqətlə öyrənməkdir. Siz [münaqişə tərəfləri] bu münaqişənin ən yaxşı bilicilərisiniz. Siyasi iradə olarsa, sizin biliyiniz və ATƏT-in köməyi ilə həllə doğru yol işlənə bilər", - Çekuolis bildirib.

Xüsusi nümayəndə həmçinin Azərbaycan və Ermənistan ictimaiyyəti arasında daha fəal əlaqələri görmək istərdi. "ATƏT ərazisində bütün ölkələr arasında ünsiyyət baş verir və sonda canavar təsvir edildiyi kimi qorxulu olmaya bilər", - o deyib.

Onun fikrincə, əlaqələr mümkün olan bütün səviyyələrdə - həm yüksək siyasi, həm də ən adi insani səviyyədə vacibdir. "Bu geniş dalğa verir, qismən isə belə ünsiyyət dramatik vəziyyəti aradan qaldırır", - Çekuolis bildirib.

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə 2007-ci ildən xalq diplomatiyası aparılır. İki ölkə ziyalılarının nümayəndələri Xankəndi, Yerevan və Bakıya səfərlər edirlər. Birinci belə səfər 2007-ci ildə, ikincisi isə 2009-cu ilin yayında baş tutub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti