...

ATƏT-in Minsk qrupunun həmsədrləri 9 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə əlaqədar araşdırma aparacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2011 12:22 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 13-də keçiriləcək monitorinq zamanı 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırma aparacaq.
ATƏT-in Minsk qrupunun həmsədrləri 9 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə əlaqədar araşdırma aparacaq

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 13-də keçiriləcək monitorinq zamanı 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırma aparacaq.

Müdafiə Nazirliyinin mətbuat ximətinin rəhbəri Eldar Sabiroğlu bazar ertəsi Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 13-də Azərbaycanın Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işğal olunmuş ərazilərdən təmas xəttini keçərək Ağdam rayonunun Orta Qərvənd kəndinə gəlmələri planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçirəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti