Azərbaycan, Bakı, 27 may /Trend/
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə səfirlikdə Dağlıq Qarabağ mövzusunda "dəyirmi masa" keçirilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib. Məlumata görə, tədbirin əsas qonağı Budapeştdəki Korvinus Universitetinin professoru, tanınmış macar diplomat, siyasi şərhçi Andre Erdöş olub.
"Dəyirmi masa"nı giriş sözü ilə səfir Vilayət Quliyev açıb. Səfir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qısa məlumat verib, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə nail olmaq üçün atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən etibarən Azərbaycan rəhbərliyinin münaqişəni dinc yolla nizama salmaq istiqamətində göstərdiyi səylərdən bəhs edib.
Daha sonra geniş məruzə ilə çıxış edən professor Andre Erdöş Dağlıq Qarabağla bağlı qətnamələrin qəbul edildiyi şərait, Təhlükəsizlik Şurasında bu məsələ ətrafındakı müzakirələr barədə məlumat verib. Macar diplomat təəssüf hissi ilə bildirib ki, BMT, ATƏT və ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən bütün səylərə baxmayaraq, münaqişə indiyə qədər öz həllini tapmayıb, Ermənistan işğalçı dövlət kimi tanınmayıb. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi bu gün də işğal altındadır. Bu torpaqlarda aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşı öz vətənində qaçqına və köçkünə çevrilib. Andre Erdöş beynəlxalq institutların rolunu qiymətləndirib və qeyd edib ki, lakin münaqişənin həllində əsas söz sahibləri Azərbaycan və Ermənistandır. O, Azərbaycanın haqlı mövqeyinin getdikcə dünyada özünə daha çox tərəfdar tapdığını, Ermənistanın isə daha artıq dərəcədə təkləndiyini, siyasi izolyasiyaya və iqtisadi tənəzzülə uğradığını diqqətə çatdırıb. Natiq Azərbaycanın son illərdə ordu quruculuğu sahəsində irəliləyişlərə nail olduğunu, iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb, bununla belə münaqişənin hərbi yolla aradan qaldırılmasının yeni fəlakətlərə yol açacağını da əlavə edib.
Daha sonra professor Andre Erdöş və səfir Vilayət Quliyev "dəyirmi masa" iştirakçılarının çoxsaylı suallarına cavab veriblər. Tədbirdə Macarıstanda akkreditə olunan diplomatik korpusun üzvləri, media nümayəndələri, Macarıstan Parlamentinin üzvləri, ayrı-ayrı ictimai-siyasi təşkilatların təmsilçiləri və Budapeştdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Müxtəlif vaxtlarda Macarıstan xarici işlər nazirinin müavini, Macarıstanın Fransadakı səfiri kimi mühüm diplomatik mövqelər tutan professor Andre Erdöş 1990-1994-cü illərdə ölkəsinin BMT yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Həmin dövrdə Macarıstan həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğundan macar diplomatı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 qətnamənin qəbulunda yaxından iştirak edib. O, eyni zamanda ATƏT-in 1994-cü ildə Budapeştdə keçirilən sammitinin hazırlanmasının fəal iştirakçılarından biri olub, 1995-ci ildə isə ATƏT rəsmiləri ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib. Keçmiş Yuqoslaviyada və Ruandada münaqişələrin nizama salınması prosesinin fəal iştirakçılarından biri kimi tanınan Andre Erdöş tam əsasla yalnız Macarıstan deyil, Avropa miqyasında Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixinə, mahiyyətinə, onun həlli istiqamətində göstərilən səylərə ən yaxşı bələd olan diplomatlardan biri sayıla bilər.