...

Qərbli vasitəçilərin yardımı ilə Ermənistan Kazanda DQ münaqişəsi ilə bağlı sənədi imzalamaqdan yayındı - Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2011 12:59 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu
Qərbli vasitəçilərin yardımı ilə Ermənistan Kazanda DQ münaqişəsi ilə bağlı sənədi imzalamaqdan yayındı - Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu

Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi üzrə baza prinsiplərinin imzalanması üçün təşkil olunmuş Kazan sammiti görüşdən əvvəlki dövr, görüşün gedişi və görüşdən sonrakı mərhələlərlə bu vaxtadək keçirilmiş analoji sammitlərdən tamamilə fərqlənir. Görüşdən əvvəl Kazan sammitinə güclü siyasi, ideoloji və informasiya dəstəyi verildi. Verilən dəstəyin istiqaməti qeyri-müəyyən deyildi, baza prinsiplərinin imzalanmasına şərait yaratmağa yönəlmişdi.

Görüş zamanı hər tərəfdən təkcə prezidentlər deyil, xarici işlər nazirləri və beynəlxalq məsələlər üzrə məsul şəxslər də iştirak edirdilər. Bəlkə də bu, sənədin imzalanmasına şahidlik üçün nəzərdə tutulmuşdu. Kazan görüşündən sonra ev sahibi Rusiyanı çıxmaq şərti ilə, digər iki həmsədr ölkə sənədin imzalanmamasından narazılıqlarını və məyusluqlarını bildirdilər.

Avropa dövlətlərinin rəhbərləri Ermənistan prezidentinə zəng edərək Kazanda sənədin imzalanmamasının səbəbləri ilə maraqlandılar.

Kazan görüşünü Ermənistan üçün əvvəlki analoji görüşlərdən fərqləndirən digər cəhət uğursuz görüşə görə Ermənistan Prezidentinin ölkə siyasətçilərindən və ABŞ-dakı erməni təşkilatlarından təbriklər qəbul etməsi oldu.

Kazan görüşü təkcə DQ-nin deyil, həm də "Nabukko"nun taleyini həll etməli idi. Belə mühüm əhəmiyyətli görüşün nəticəsiz başa çatmasının iki səbəbi var. Əvvəla, Ermənistan heç bir şərt daxilində DQ münaqişəsinin tənzimlənməsi ilə bağlı sənədi imzalamağa hazır deyil. Bu yöndə Ermənistan rəhbərliyininverdiyi vəd beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyıb. Ermənistan rəhbərliyində olan şəxslər qeyri-ciddi adamlardır, onların sözə və beynəlxalq aləmə də münasibəti qeyri-ciddidir.

Kazanda sənədin imzalanmamasının ikinci səbəbi ATƏT-in Minsk qrupunun həmsədrlərinin hərəkətləridir. Vasitəçilər bilərəkdən və ya bilməyərəkdən stolun üstünə imzalanmağa hazır sənədi qoymadılar. Vasitəçilərin hazırladıqları sənədin Ermənistana təqdim olunan variantında 6 maddənin birincisi DQ-nin daimi statusunun müəyyən olunmasına, Azərbaycana təqdim olunan variantda isə DQ ətrafı rayonların Azərbaycana qaytarılmasına aid idi.

Sənədi imzalamaqdan yayınmağa çalışan Ermənistan üçün bu göydəndüşmə oldu. Bəlkə də Ermənistan ABŞ və Fransadan olan diplomatlarla birlikdə bu addımı hazırlamışdı. Bunu düşünməyə əsas verən dəlillər var.

Kazan görüşü böyük dövlətlər arasında yeni qarşıdurmanın başlanması, regional proseslər və Ermənistanın Rusiyaya xəyanət etməsi istiqamətində təhlillər üçün ortalığa xeyli material qoydu. Gələcəkdə bunların hamısına aydınlıq gətiriləcək.

Xəbər lenti

Xəbər lenti