...

Ermənilərin Kremldə təsirinin artması Rusiyanın Qafqaz siyasətinin iflası deməkdir - azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2011 12:18 (UTC +04:00)
Yeltsin hakimiyyətinin son dövrlərindən, o cümlədən Vladimir Putinin tərifəlayiq iki dövr prezidentlik müddətində nisbətən sakitləşmiş ermənilər yenidən, Dmitri Medvedevin hakimiyyətə gəlməsindən istifadə edərək aktivləşmişlər.
Ermənilərin Kremldə təsirinin artması Rusiyanın Qafqaz siyasətinin iflası deməkdir - azərbaycanlı politoloq

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu

Yeltsin hakimiyyətinin son dövrlərindən, o cümlədən Vladimir Putinin tərifəlayiq iki dövr prezidentlik müddətində nisbətən sakitləşmiş ermənilər yenidən, Dmitri Medvedevin hakimiyyətə gəlməsindən istifadə edərək aktivləşmişlər. Aktivləşmə Rusiyanın, xüsusən də onun Qafqaz regionunda maraqlarının əleyhinə istiqamət götürmüşdür. Misal üçün Moskvada yaşayan tanınmış artist Armen Ciqarxanyan hansısa səbəblərə görə son dövrlərdə Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsində rəsmi Yerevanın xoşuna gəlməyən bəyanatlar verir. Rusiya hökumətindən ad-san, vəzifə, pul qazanan, ictimai-siyasi fəaliyyətə cəlb olunan Moskva ermənilərinin siyahısında indiki dövrdə onun adı yoxdur. Aşkar və ya gizli şəkildə erməni separatizmini, Ermənistanın antirusiya fəaliyyətini dəstəkləyən ermənilər isə Rusiyanın indiki rəhbərliyinin dövründə vəzifəyə təyin olunur, mükafatlandırılırlar. Əlbəttə, bu, RF rəhbərliyinin özünün siyasətidir. Amma Azərbaycan üçün Rusiyanın siyasətini başa düşmək üçün bu parametrlər mühümdür. Çünki Rusiya rəhbərliyinin ətrafına yerləşmiş ermənilər Rusiya rəhbərliyini normal düşünməkdən, özünümüdafiə qabiliyyətindən məhrum etməyə cəhd göstərirlər. Qarabağ münaqişəsini yaratmaqla ermənilərin SSRİ-ni dağıtmaları əyani sübutdur. Adı, familiyası rus olan siyasətçi və ya vəzifəli şəxs həmin dövrdə Azərbaycanın üstünə ermənidən bərk qışqırırdı.

Ermənilərin Kremldə təsirinin artması Rusiyanın Qafqaz siyasətinin iflası deməkdir. Çünki ermənilərin əsas məqsədi Rusiyanın Qafqaz xalqları ilə münasibətlərini öz monopoliyalarında saxlamaqdır. Ona görə Rusiya heç zaman gürcülərlə, azərbaycanlılarla və Şimali Qafqaz xalqları ilə normal münasibət qura bilmir. Rusların Qafqaz xalqları ilə əlaqələri ermənilər vasitəsilə qurulmalıdır. Bu halda rusların ermənilərə ehtiyacı daha da artacaqdır.

Ermənilərə Rusiya qonşularına hədə-qorxu gəlmək üçün lazımdır. Ermənistanın 4 qonşusunun heç biri ilə normal münasibəti yoxdur. Hətta İran-Ermənistan münasibətləri də kifayət qədər ziddiyyətlidir. İranda müəyyən bir qrup adam belə fikirləşir ki, Ermənistan Rusiyadan bezib və hər an İrana dərin inteqrasiya etməyə hazırdır. Ermənistanın hər cür yardım aldığı İrana qarşı erməni rəsmilərin və siyasətçilərin strateji perspektivə hesablanmış, "dərin və düşünülmüş" siyasəti var. Ermənistanı tanıyan ekspertlər bu siyasətin mahiyyətini gözəl bilirlər. Ermənistan siyasət xatirinə antiirançılığı gələcəyə saxlayır.

Ermənistanın digər qonşularına - Türkiyə, Azərbaycan və Gürcüstana ərazi iddiaları hamının gözü qabağındadır. Amma Ermənistan ərazi, əhali və digər resurslar baxımından qonşularından kiçikdir və təkbaşına heç kimə hədə gələ bilməz. Buna görə də Ermənistan RF-nin hərbi bazasını öz pulu hesabına ərazisində saxlayır.

Ziddiyyətli və konfliktogen Ermənistan Rusiyanı öz təsiri altına salmaq üçün ilk növbədə ona qarşı konfliktlər yaratmağa çalışır. Ermənistanın Qərbdə və Baltikyanı dövlətlərdə Şimali Qafqazdakı vəziyyəti müzakirə etməsinə başqa ad vermək mümkün deyil. Ermənistanın Şimali Qafqazla heç bir coğrafi və etnik bağlılığı yoxdur. Amma ermənilər lazım gələndə Şimali Qafqazda müsəlmanlar üçün məscidlər tikirlər, guya rus uşaqlarını incitdikləri üçün çeçen uşaqlarını döyürlər. Ermənilərin Rusiya üçün belə "ayı xidmətləri"nin sayı çoxdur, həm də tarixi var. Şimali Qafqazdakı xalqların, o cümlədən çeçen xalqının müstəqillik hərəkatı ermənilərin simasında özü üçün ən ciddi dəstəkçilərdən birini tapdı.

Ermənistan üçün Rusiya resurs mənbəyidir. Ermənistana kredit verən beynəlxalq maliyyə qurumları və ya dövlətlər kredit verməmişdən öncə Ermənistanın deyil, Rusiyanın iqtisadi vəziyyəti ilə maraqlanırlar. Ermənistanın Rusiyadan əldə etdiyi resursu hara xərclədiyi bəllidir.

Ziddiyyətli və konfliktogen Ermənistan DQ münaqişəsinin tənzimlənməsini yubatmaqla nə etdiyini bilir və ümidsiz deyil. Rusiyanın və Prezident Medvedevin imicinə ciddi zərbə vuran ermənilər həm də Putinlə Medvedevin arasına ziddiyyət salmaq istəyirlər. İndi Qərbdə belə fikirləşirlər ki, Rusiyanın Qafqazda "atı işləmir", sözü keçmir. Ermənilər Rusiya üçün bu imici qazandırdılar. Ermənilərin fikrincə, yaxın zamanlarda Azərbaycan Rusiyadan doyacaq və ya Rusiya Azərbaycanı bezdirəcək. Bu halda ermənilər sakitcə Türkiyə ilə münasibətləri normallaşdıracaqlar. Çünki indi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmamasının əsas səbəbi Azərbaycandır və bundan ən çox fayda götürən Rusiyadır. Mürəkkəb və strateji perspektivə hesablanmış bu addım ermənilərə regionda geostrateji sabitliyi pozmağa imkan verəcəkdir.

Bəzən Ermənistan Rusiya da daxil olmaqla bütün qonşularını və iri dövlətləri cəzalandırmaq istəyir. Bu məqsədlə Çini regiona çəkib gətirir. Eləcə də, NATO ilə strateji əməkdaşlıq haqqında məxfi müqavilə imzalayan Ermənistan özünü çox rahatlıqla Rusiyanın strateji müttəfiqi hesab edir. Ən maraqlısı isə budur ki, Rusiya da Ermənistanı həqiqi mənada özünün strateji müttəfiqi sayır. Ermənistanın və ermənilərin belə hərəkəti Medvedevin hakimiyyəti dövründə daha da güclənmişdir. Ermənilərin konfliktogenliyi təkcə prezidentlərə deyil, eləcə də prezidentin rəhbərlik etdiyi ölkə üçün də problem yaradır.

Xəbər lenti

Xəbər lenti