...

Üçtərəfli formatda danışıqlar Bakının mövqeyini bildirməsi üçün vacibdir - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Danışıqlar istənilən halda heç nəyin olmamasından yaxşıdır, belə ki bu, dinamikadır, tərəflərin mövqelərini səsləndirdiyi prosesdir. Bunu azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşünü şərh edərkən deyib.

"Görüşdə Bakının mövqeyi liderimiz İlham Əliyev tərəfindən danışıqlar tərəflərinə - Yerevan və Moskvaya çatdırılıb və onlar bizim yaranmış və indiki "status-kvo"dan irəli gələn vəziyyətlə bağlı narahatlığımızı başa düşə biliblər", - Sadıxov Trend-ə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə avqustun 9-da Soçidə işgüzar səfərdə olub. Səfər zamanı iki dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında formalaşmış ikitərəfli münasibətləri və əməkdaşlığı yüksək qiymətləndirərək, bu istiqamətdə səyləri davam etdirmək əzmində olduqlarını bildiriblər. Bunu çərşənbə günü Trend-ə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Dağlıq Qarabağ problemi ətrafında Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü iyunda Kazanda keçirilib. Bu görüş üçtərəfli formatda doqquzuncu görüş olub.

Sadıxovun sözlərinə görə, Azərbaycan tərəfi danışıqlar tərəflərinə əsaslı və obyektiv şəkildə izah edə bilib ki, tolerantlıq və dözümlülüyə baxmayaraq, Bakı ölkənin ərazi bütövlüyü məsələsində prinsipialdır və bunu heç vaxt alver predmetinə çevirməyəcək.

Ekspert hesab edir ki, bu, danışıqların başlıca nəticəsidir. Onun sözlərinə görə, Medvedevin rolunu, onun bu prosesə cəlb edilməsini və nəticələrdə maralı olmasını yüksək qiymətləndirmək lazımdır.

"Düşünürəm ki, Moskva Dağlıq Qarabağ ətrafında danışıqların müsbət nəticə verməsində maraqlıdır, belə ki, Rusiya üçün qonşu regionda sabitlik vacibdir. İlk növbədə ona görə ki, özünün regiondakı müttəfiqi - Ermənsitanın maraqlarını qorusun. Bunu isə Kreml heç vaxt gizlətməyib", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, digər tərəfdən, Moskva mühüm regional oyunçuya çevrilən, Rusiyanın əməkdaşlıq sahələrinin əksəriyyətində bağlı olduğu Azərbaycanla münasibətləri paralel şəkildə inkişaf etdirmək və fəallaşdırmaq istəyir.

"Bu konteksdə istərdik ki, Rusiya vasitəçilikdə daha obyektiv olsun və onun mövqeyi təkcə regiondakı vəziyyətə baxışına deyil, həmçinin beynəlxalq hüquqa və beynəlxalq institutların qəbul etdikləri qərar və qətnamələrə, eləcə də Minsk qrupunun həmsədr ölkələrinin liderlərinin bəyanatlarına əsaslansın", - Sadıxov əlavə edib.

Politoloqun sözlərinə görə, Rusiya öz qərarlarını məntiqi cəhətdən əsaslandırmalı, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa kömək edəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edə biləcək irəliləyiş üçün təkliflər, ideyalar, təşəbbüslər təqdim etməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti