Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Rəsmi Bakı hesab edir ki, Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsinə təsir edəcək.
"Fransa Prezidentinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri, düşünürk ki, mühüm əhəmiyyət kəsb edir. Mühüm əhəmiyyəti ilk növbədə onunla ölçülür ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olan dövlətdir", - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, Sarkozinin regiona səfəri, Yerevanda açıqlamaları, xüsusilə mövcud status-kvonunn qəbul edilməzliyi və bunun dəyişdirilməsinin vacibliyininə dair fikirləri Cənubi Qafqazdakı sonrakı sülh yaratma proseslərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud status-kvonun dəyişməzliyi haqqında təxminən 6 ay əvvəl həmsədrlərin bəyan etdiyi missiyaya əlavə qatqı verəcək.
Fransa Prezidentinin cümə axşamından Cənubi Qafqaza səfəri başlayıb. Sarkozinin bu gündən Azərbaycana səfəri başlayır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.