...

Bahar Muradova: ATƏT PA-dakı müzakirələrdən sonra dünya ictimaiyyəti bir daha Qarabağın Azərbaycan torpağı olduğuna əmin oldu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2011 12:04 (UTC +04:00)
ATƏT PA-dakı müzakirələrdən sonra dünya ictimaiyyəti bir daha əmin oldu ki, Qarabağ Azərbaycan torpağıdır.
Bahar Muradova: ATƏT PA-dakı müzakirələrdən sonra dünya ictimaiyyəti bir daha Qarabağın Azərbaycan torpağı olduğuna əmin oldu

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir T.Hacıyev/

ATƏT PA-dakı müzakirələrdən sonra dünya ictimaiyyəti bir daha əmin oldu ki, Qarabağ Azərbaycan torpağıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində bildirib.

"Dünənə qədər Qarabağ torpağının ermənilərə məxsus olduğunu düşünən insanlar müzakirələrdən sonra bizə yaxınlaşıb deyirdilər ki, "biz Qarabağı ermənilərin torpağı bilirdik, amma indi bu fikirlərimiz alt-üst oldu, əsl həqiqəti bildik", - Muradova əlavə edib.

Vitse-spiker ATƏT-in təhlükəsizlik və əməkdaşlıq məsələlərini özündə ehtiva edən təşkilat olduğunu xatırladıb və əlavə edib ki, ATƏT regionunda bu cür münaqişələrin mövcudluğu bütövlükdə bu təşkilatın fəaliyyətinə aid məsələdir.

"ATƏT-də Qarabağla bağlı keçirilən müzakirələr məlumatlandırma funksiyasını yerinə yetirdi. Uzun illərdir apardığımız təbliğat, diplomatik nümayəndəliklərimizin, Parlament Assambleyalarındakı nümayəndə heyətlərimizin fəaliyyəti bu səmtə yönəlsə də, bu dərəcədə tez və effektli təsir gözə dəymirdi. Bu mənada ki, məruzə edənlər, hesabat verənlər nə Azərbaycanın, nə də Ermənistanın nümayəndələri idi. Onlar məsələ ilə məşğul olan təşkilatın nümayəndələridir və açıq şəkildə söylədilər ki, işğalçı tərəf hansıdır və hansı ölkə təcavüzə məruz qalıb", - Milli Məclisin vitse-spikeri vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan torpaqlarının işğal altında olması müvafiq beynəlxalq sənədlərdə öz əksini tapır, amma Azərbaycan torpaqlarının Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunması faktı həmsədrlərin dilindən geniş auditoriya qarşısında səslənməmişdi.

"Onsuz da hər kəs qəbul olunan sənədləri götürüb sona qədər oxumur. Eləcə də, həmsədrlərin müəyyən görüşlərindən sonra bir bəyanat verilirdi, bu bəyanatda da örtülü məqamlar, diplomatik ifadələr işlədilirdi və aydın olmurdu ki, söhbət nədən gedir. ATƏT PA-dakı müzakirələrdə isə Fransanın nümayəndəsi Bernar Fasye münaqişənin tarixi haqqında ətraflı danışdısa, Robert Bratke Madrid prinsipləri barədə geniş məlumat verdi. Yəni artıq aydın şəkildə mövqe ortadadır", - Muradova bildirib.

Onun sözlərinə görə, ATƏT PA-nın yığıncağında baş vermiş insidentlər haqqında dəqiq məlumatlar səsləndirilib. Həmin insidentlər barədə indiyə qədər müxtəlif fikirlər deyilirdi. Vitse-spiker hesab edir ki, bu nöqteyi-nəzərdən, müzakirələr kifayət qədər əhəmiyyətlidir.

"Bu müzakirələr nəticəsində həm geniş məlumatlandırma oldu, eyni zamanda, Assambleya çərçivəsində fəaliyyət göstərən deputatların münaqişəyə münasibət bildirməsi üçün imkan yarandı. Onlar bu münaqişənin hansı prinsiplər əsasında həll olunmasının vacibliyi haqqında mövqelərini ifadə etdilər. Müzakirələrdəki çıxışlar obyektiv mövqedən idi, real vəziyyətə olan münasibət idi", - Muradova vurğulayıb.

Vitse-spiker belə müzakirələrin digər beynəlxalq qurumlarda da keçirilməsini vacib sayır.

"Niyə Avropa Şurası Parlament Assambleyasında həmsədrlər məlumat verməsinlər? ATƏT-in tədbirlərində AŞ-nin, NATO-nun nümayəndələri ekspert qismində çıxış edirlər. Həmsədrlər də bu qaydada həmin təşkilatlarda hesabat verə bilərlər. Təbii ki, bu münaqişənin həlli ilə bağlı vasitəçilik ATƏT-in üzərindədir və qəbul olunan qərarlar ATƏT və BMT ilə birlikdə icra olunmalıdır. Digər beynəlxalq təşkilatların qərarları isə tövsiyə xarakteri daşıyır. Amma bu qərarların qəbulu üçün də onlar məsələnin mahiyyətini bilməlidirlər. Ona görə də, bu cür dinləmələr kifayət qədər əhəmiyyətlidir", - o qeyd edib.

Muradova həmsədrlərin regiona son səfərinə də münasibət açıqlayıb: "Düşünmürəm ki, həmsədrlərin budəfəki səfəri zamanı indiyə qədər olan mövqedən fərqli yanaşma ortaya qoyulsun. Bu səfər haqqında verilən məlumatlarda bildirilir ki, onlar yeni təkliflərlə çıxış edə bilərlər. Ümumilikdə, həmsədrlər bölgəyə gəliblərsə, yəqin yeni təşəbbüslərin irəli sürülməsi mümkündür".

Xəbər lenti

Xəbər lenti