Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin Yerevanda görüşün yekunu üzrə bəyannamə qəbul ediblər. Trend-in məlumatına görə, bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının zəruriliyi qeyd edilir. Məlumatı Novosti-Armeniya yayıb.
"Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarına və bu həllin ancaq beynəlxalq hüquq əsasında ola biləcəyini bildiriblər", - patriarx Kirill görüşdən sonra jurnalistlərə deyib.
Patriarxın sözlərinə görə, bununla əlaqədar tərəflər ATƏT-in Minsk qrupunun cəhdlərinin dəstəklənməsi barədə bəyan ediblər.
O xatırladıb ki, əvvəllər üç ölkənin dini liderləri əsirlərin və öldürülənlərin cəsədlərinin qaytarılması barədə təşəbbüslə çıxış ediblər.
Parriarx Kirillin sözlərinə görə, əgər qan tökülməsi dayandırılarsa, mənəvi və psixoloji ab-hava dəyişəcək ki, bu da problemin sülh yolu ilə nizamlanmasında yeni perspektivlər açacaq.
"Biz danışıqlar prosesində Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakına hörmət və etibarla yanaşırıq, biz həm iki ölkənin rəhbərlikləri, həm də xalqlar arasında qarşılıqlı münasibətlərin addım-addım yaxşılığa doğru dəyişməsi və xeyir-dua verilən sülh və ədalətin dünyanın bu nöqtəsində olması üçün dua edirik", - o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.