...

Baş prokurorluq: Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq tədbirləri görülür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2012 11:22 (UTC +04:00)
Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq-əməliyyat qrupu lazımi işləri görür.
Baş prokurorluq: Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq tədbirləri görülür

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq-əməliyyat qrupu lazımi işləri görür. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirilən tədbirdə çıxışı zamanı Baş prokurorun böyük köməkçisi Azər Əsgərov deyib.

Onun sözlərinə görə, xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü ilin sonlarından Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Əsgərov bildirib ki, prokurorluq və digər hüquq-mühafizə orqanları 1988-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, azərbaycanlılara qarşı təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlayaraq istintaq aparıblar.

Onun bildirdiyinə görə, qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə istintaq aparılması həmin qrupa həvalə edilib.

Respublika baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun 2005-ci il 5 may tarixli qərarına əsasən, cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi respublika hərbi prokuroruna həvalə edilib.

Əsgərov əminliklə bildirib ki, dünya ictimaiyyəti Xocalı soyqırımına obyektiv qiymət verəcək və bu cinayəti törədənlər tezliklə cəzalarını alacaqlar.

Xəbər lenti

Xəbər lenti