...

Mübariz Əhmədoğlu: ABŞ Ramil Səfərovun ekstradisiyasının deyil, Dağlıq Qarabağ münaqişəsinin yubanmasının səbəblərini aşkar etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2012 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan ictimaiyyəti cəmi 4 saat fərqlə həm Ermənistan Prezidenti Serj Sarkisyanın Ramil Səfərovun ekstradisiyası ilə bağlı isterikasının, həm də ABŞ hökumətinin bu ekstradisiyaya qarşı sensasiyalı mövqeyinin şahidi oldu. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.

"Barak Obama administrasiyası və ABŞ Dövlət Departamenti Ramil Səfərovun ekstradisiyasına Ermənistan Xarici İşlər Nazirliyindən daha tez münasibət bildirdilər. Əslində, ABŞ administrasiyasının seçkilərə bir neçə ay qalmış ermənilərə belə münasibəti gözlənilən idi", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Obama administrasiyasının belə təcili yardım funksiyasını yerinə yetirməsində geosiyasi məqamlar da var.

"Suriya erməniləri bu ölkədə ABŞ-ın maraqlarına xidmət edirlər. Suriya xristian icmasının Bəşər Əsədi dəstəkləyən bəyanatını erməni icmasının təkzib etməsi bunu göstərir. Digər tərəfdən ABŞ-ın Serj Sarkisyana xüsusi münasibəti heç kimə sirr deyil. ABŞ-ın fikrincə, Sarkisyan Ermənistanı Rusiyadan qaçıra bilən yeganə şəxsdir. ABŞ sonu Rusiyanın Qafqaz regionundan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək münaqişəni Serj Sarkisyan vasitəsilə başlamaq istəyir", - politoloq bildirib.

Əhmədoğlu hesab edir ki, həm ABŞ Dövlət Departamentində, həm də Barak Obama administrasiyasında Ramil Səfərovun ekstradisiyasından narazılığını bildirənlər ənənəvi şəxslər deyil, yeni adlardır. Obama administrasiyasında dünyanın geostrateji təhlükəsizliyinə məsul strukturun ən qısa müddət ərzində Ramil Səfərovun ekstradisiyasına belə reaksiyası ABŞ-ın Dağlıq Qarabağ münaqişəşinin tənzimlənməsi siyasətində yeni istiqamətlər yarandığını göstərdi.

"Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın Qafqaz regionu ilə bağlı planları başa çatanadək həll olunması mümkün deyil. Dağlıq Qarabağ problemi ABŞ-ın əlində Rusiyanı dağıdan faktor kimi yenidən fəaliyyətə başlamalıdır. Vaxtilə ABŞ SSRİ-ni də ermənilərin yaxın iştirakı ilə dağıtmışdı. Missiyanı uğurla yetirib Rusiyadan zərbə əvəzinə mükafat alan ermənilər indi də həmin yolu getmək istəyirlər. Hər halda Ramil Səfərovun ekstradisiyasını əvvəlcədən bilə-bilə Ermənistan və ABŞ-ın belə reaksiya verməsi çox şeyi deyir", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, mayor V.Avetyanın 2 ay bundan qabaq prezident Serj Sarkisyanın yaxın ətrafı tərəfindən öldürülməsi fonunda 8 il bundan qabaq leytenant erməninin azərbaycanlı tərəfindən öldürülməsinə belə münasibət ermənilərin etnodini kompleksidir. Məhz bu kompleks ermənilərə qonşuları ilə, xüsusilə, Azərbaycan və Türkiyə ilə normal münasibət qurmasına imkan vermir. ABŞ ermənilərdə formalaşmış belə etnodini xəstəliyi sağaltmaq əvəzinə ondan öz məqsədləri üçün istifadə edir və daha da möhkəmləndirir.

Xəbər lenti

Xəbər lenti