...

Müdafiə Nazirliyi: Bu il ərzində atəşkəs 1178 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2012 16:17 (UTC +04:00)
Cari ilin 10 ayı ərzində atəşkəs 1178 dəfə pozulub. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində - Tərtərdə keçirdiyi mətbuat konfransında deyib.
Müdafiə Nazirliyi: Bu il ərzində atəşkəs 1178 dəfə pozulub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Cari ilin 10 ayı ərzində atəşkəs 1178 dəfə pozulub. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində - Tərtərdə keçirdiyi mətbuat konfransında deyib.

Hər iki tərəfdən itkilər olduğunu bildirən Sabiroğlunun sözlərinə görə, Azərbaycan Ordusu 10 ay müddətində 12 döyüş itkisi verib. Lakin ermənilərin özlərinin təsdiq etdiyi məlumatlara görə, atışma nəticəsində onların itkisi 32 nəfərdir. Atəşkəs daha çox Füzuli, Tərtər və Ağdam istiqamətində pozulub.

"Qoşunların təmas xəttində ən gərgin vəziyyət iyun ayında yaşanıb. Ötən ay ərzində qoşunların təmas xəttində 19 monitorinq keçirilib və insidentsiz başa çatıb. Onlar yerlərini dəyişən kimi həmin ərazidə ermənilər atəşkəsi pozurlar. Biz əsgərik və birinci vəzifəmiz müharibə vasitəsilə də olsa torpağımızı işğaldan azad etməkdir. İkinci savaş regionda bütövlükdə böyük alovun yaranmasına səbəb olacaq. Savaş Azərbaycan əsgərinin qələbəsi ilə başa çatacaq", - o deyib.

Sabiroğlunun sözlərinə görə, 10 ay ərzində müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılığı altında bütün hərbi birləşmələrimizdə genişmiqyaslı təlimlər keçirilib. Bu sınaqlardan ordumuz pis çıxmayıb.

"Hərdən eşidirik ki, ermənilər bizim işğal altında olan zonalarda həftədə bir-iki dəfə təlim keçirirlər. Təlimi hazırlamaq, həyata keçirmək elə də asan deyil. Bunun üçün ciddi hazırlıq və böyük maliyyə mənbəyi lazımdır. Ermənilər iki-üç tank, bir artilleriya qurğusu çıxarıb adını qoyurlar ki təlim keçirirlər. Bunlar uydurmadır və Azərbaycana heç cür təsir edə bilməz", - mətbuat xidmətinin rəisi deyib.

O qeyd edib ki, bu gün Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib.

"Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq", - Sabiroğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda son illər ordu quruculuğu istiqamətində böyük işlər aparılıb. Bunun birincisi silahlanmadır: "Ən müasir silahlar almışıq və bununla düşmənin istənilən məsafədəki hədəflərini vura bilərik. İkincisi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir".

Polkovnik həmçinin qeyd edib ki, 45 hərbi şəhərcikdə təmir, quruculuq işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti