...

Joze Manuel Barrozo: Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2012 12:47 (UTC +04:00)
Dekabrın 3-də Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin Başçısı Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozoya təqdim edib.
Joze Manuel Barrozo: Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin Başçısı Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozoya təqdim edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səmimi və dostcasına mühitdə keçən söhbətin əvvəlində Avropa Komissiyasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib. Joze Manuel Barrozo Aİ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini və bu çərçivədə bir sıra sahələrdə tərəqqinin müşahidə olunduğunu vurğulayıb, Azərbaycanın Avropada pozitiv imicinin formalaşdığını bildirib. Avropa Komissiyasının Prezidenti Aİ-nin Azərbaycan ilə əməkdaşlığında enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm rol oynadığını qeyd edərək, Cənub Qaz Dəhlizinin çox tezliklə reallığa çevriləcəyindən əmin olduğunu ifadə edib.

Barrozo Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, mövcud status-kvonun qəbuledilməz olduğunu qeyd edib və Aİ-nin münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəklədiyini vurğulayıb. O, Aİ-nin münaqişənin həlli prosesinə töhfə verməyə hazır olduğu bəyan etmişdir.

Səfir Fuad İsgəndərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Joze Manuel Barrozoya çatdırıb və ölkə başçısının Barrozo ilə görüşləri haqqında xoş xatirələrə malik olduğunu bildirib. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında prinsipial, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına əsaslanan mövqedən çıxış etdiyini, ölkəmizin Avropa İttifaqı üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu qeyd edib. Səfir Fuad İsgəndərov Azərbaycanda həyata keçirilən inkişaf layihələri barədə ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyəti diqqətə çatdırıb.

Avropa Komissiyasının Prezidenti öz tərəfindən Prezident İlham Əliyevlə keçirdiyi bütün ikitərəfli görüşlərin onun yaddaşında ən xoş təəssüratlarla qaldığını, Azərbaycanın dövlət başçısının öz ölkəsinin müasirləşməsi və inkişaf etdirilməsinə böyük önəm verdiyinin şahidi olduğunu və Azərbaycanın dostu olaraq bu məqsədə dəstək verməkdən məmnun olacağını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularının çatdırılmasını bir daha xahiş edərək, yeni ildə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyində olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti