...

Əli Həsənov: Ümid edirik ki, 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT və beynəlxalq təşkilatlar ədalətsiz yanaşmadan əl çəkəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2013 08:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın tarixinə dövlət müstəqilliyimizin 21-ci ili kimi həkk olunan 2012-ci il bütövlükdə ölkəmiz üçün bütün sahələrdə uğurlu olmuşdur. Dövlətimiz öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Həsənov bildirib ki, balanslı və uğurlu xarici siyasətin aparılması nəticəsində xeyli dünyəvi uğurlarımız olub. Bunlar aşağıdakılardır:

"BMT-nin Təhlükəsizlik Şurasında və Qaçqınların İşləri üzrə Ali Komissarlığının İcraiyyə Komitəsində təmsilçilik; Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatında deyilmişdir ki, status-kvo qəbuledilməzdir; Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının zirvə toplantısında qəbul edilmiş qətnamədə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının bəyan edilməsi; mədəniyyət və idman sahəsində əksər Avropa ölkələrini üstələmək; ölkəmizin yüksək insan inkişafına malik olan dövlətlər sırasına daxil olması; BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin 2012-ci ilin oktyabrında Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında çıxışında Azərbaycan dövlətinin gördüyü işləri qiymətləndirərkən bunu bir çox ölkələr üçün nümunə göstərmiş və könüllü qayıdışı mümkün hesab etmişdir. Bununla da Ali Komissar bir çox beynəlxalq təşkilatların ölkəmizdəki məcburi köçkünlərin torpaqlar işğaldan azad olunandan sonra geri qayıtmayacaqları barədə fikirlərini alt-üst etdi".

Həsənov bildirib ki, bu kimi nailiyyətlər ölkəmizin sosial-iqtisadi qüdrətinin nəzərəçarpacaq dərəcədə yüksəldiyini, dünya ölkələrinə inteqrasiyasının sürətləndiyini və dünyanın maraq mərkəzinə çevrildiyini göstərir.

Baş nazirin müavini deyib ki, ötən il nümayəndə heyəti 4 ölkənin - Belçika, Finlandiya, İspaniya və Andorra parlamentlərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrinə dair keçirilmiş dinləmələrdə iştirak etmişdir.

"Həmin tədbirlərdə parlament rəhbərlərinin, hətta müxalifət partiyalarını təmsil edən parlament üzvlərinin Prezidentimiz və ölkəmiz barədə dedikləri xoş sözləri eşitməkdən bir azərbaycanlı kimi qürur hissi keçirirdik.
Şübhəsiz, bu, son 9 il ərzində gördüyünüz məqsədyönlü işlərin, yorulmaz fəaliyyətinizin konkret nəticəsidir.
Sizin xüsusi diqqət və qayğınız nəticəsində, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunmuşdur.Son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 47 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul etmişdir. Ümumiyyətlə, münaqişə dövründə - son 20 ildə bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir.
Bu da 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur. İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılmışdır. Bu işlərin 77 faizi Sizin 9 illik prezidentlik fəaliyyətiniz dövründə icra olunmuşdur. Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülmüşdür. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılmış və bu layihə cari ildə də davam etdiriləcəkdir. Bu isə, Azərbaycan dövlətinin beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymamasıdır.
Məlumat üçün bildirim ki, 2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilmişdir.
2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəkdir.
Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülmüş, 3300 şagird yerlik 6 məktəb inşa edilmişdir.
Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.
Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası - 280 meqavat olmaqla, məcburi köçkünlər üçün Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu yarımstansiya 5 rayonun - Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını sabitləşdirmişdir.
Beləliklə, bütün rayonlarda qaçqın və məcburi köçkünlər üçün tikilən qəsəbələrdən və onun infrastrukturundan yerli əhali də bəhrələnmişdir" Həsənov çıxışında qeyd edib.

Baş nazirin müavini bildirib ki, Prezidentin bu sahədə qəbul etdiyi fərman və sərəncamların icrası nəticəsində 2012-ci ildə aşağıdakılara nail olunmuşdur:

- hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir;
- yoxsulluq həddi 15 faizə enib, - 2011-ci ildə 18 faiz idi;
- doqquz min nəfər işlə təmin olunub;
- məcburi köçkünlərə verilən aylıq yemək xərci müavinəti hər il artırılaraq 16 manat 50 qəpiyə çatdırılıb. Bu, 2003-cü ilə nisbətən 3,5 dəfə çoxdur;
- İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və Dünya Bankının kreditlərindən 34 min məcburi köçkün bəhrələnib;
- Dünya Bankının vəsaiti hesabına həyata keçirilən mikrolayihələrdən 250 min nəfər faydalanıb;
- 1463 nəfər məcburi köçkün abituriyent ali məktəblərə qəbul olunub, 3 nəfər isə Prezident təqaüdünə layiq görülüb;
- 240 min nəfərdən çox məcburi köçkünə tibbi xidmət göstərilib;
- qaçqın və məcburi köçkünlər ölkə əhalisinə inteqrasiya olunublar;
- qaçqın və məcburi köçkünlərin dünyagörüşü və intellekt səviyyələri xeyli yüksəlib;
- bu yaxınlarda Dünya Bankının mərkəzi ofisində həmin Bankın bütün dünya üzrə həyata keçirdiyi 10 minlərlə layihələrin vaxtında, keyfiyyətli və şəffaf icra meyarına görə ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə maliyyə ilinin üç ən təqdirəlayiq layihəsindən biri seçilib;
- ötən il qaçqın və məcburi köçkünlərin 466 müraciəti əsasında keçirilən 213 məhkəmə prosesində onların hüquqlarının müdafiəsi təmin edilib, eyni zamanda, Avropa Məhkəməsinin bu məsələlərlə bağlı qərarlarının icrası yerinə yetirilib;
- qaçqın və məcburi köçkünlərdən daxil olmuş 60 min yazılı və şifahi müraciətinə baxılıb və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilib;
- 2003-cü ilə nisbətən müraciətlərin sayı 2 dəfə azalıb və onların əvvəlki müraciətlərinin məzmunu sosial problemlərə aid idisə, indiki müraciətlər əsasən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişənin həllinə ədalətsiz yanaşmaları barədədir.

Həsənov daha sonra qeyd edib ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" internet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın hərbi təcavüzünün nəticələri barədə geniş məlumat toplanmış və Fondun xətti ilə hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirilir.

Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 40-dan artıq ölkədə "Xocalıya ədalət" beynəlxalq məlumat-təşviqat kampaniyası çərçivəsində silsilə tədbirlər təşkil olunur.

"Komitə tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə məlumatlar müxtəlif dillərdə kitab, broşür və CD şəklində hazırlanaraq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri tərəfindən keçirilən görüşlərdə yayılması təmin edilir.
Sizin humanitar təşkilatların şəffaf, sərbəst və səmərəli fəaliyyəti üçün yaratdığınız şəraitin nəticəsidir ki, hazırda ölkəmizdə bu sahədə 49 beynəlxalq, 43 yerli humanitar təşkilatın xətti ilə məcburi köçkünlər üçün prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilir. Sizin tapşırığınıza əsasən, 2013-cü ildə də bu məqsədlə 575 milyon manat vəsaitin ayrılacağı nəzərdə tutulmuşdur. 237 milyon manat büdcə, 300 milyon manat Dövlət Neft Fondunun, 38 milyon manat isə beynəlxalq təşkilatların vəsaitidir. Bu vəsait imkan verəcəkdir ki, daha 20 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılsın. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 3941 ailə və ya 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaqdır. O cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 25 binadan, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə 5 mərtəbəli 15 binadan ibarət yeni yaşayış məhəllələri, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun "Ümid" qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələr, Qəbələ rayonunda 155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binaları, Axısxa türkləri üçün 142 mənzil tikiləcəkdir. Sizin tapşırığınıza əsasən, Bakı şəhərindəki yataqxanalardan 90 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 380 hektar torpaq sahəsi ayrılmış, əlavə olaraq 120 hektar torpaq sahəsinin ayrılması sənədləşdirilir. Tövsiyənizə əsasən, hazırda Qobu şəhər məcburi köçkün yaşayış massivinin layihələndirilməsi və onun idarəetmə strukturunun yaradılması üzrə müvafiq işlər görülür. Bakı şəhərinin digər obyektlərində - hərbi hissələrdə, məktəb, bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə yaşayan 110 min məcburi köçkünün müvəqqəti məskunlaşdırılması üçün əlavə 500 hektar torpaq sahəsinin ayrılmasına ehtiyac vardır" Dövlət Komitəsinin sədri bildirib.

Həsənov hesab edir ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın.

"Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT, digər dövlət və beynəlxalq təşkilatlar ədalətsiz yanaşmadan, nəhayət əl çəkəcəklər. Heç bir şübhə yoxdur ki, Sizin səyləriniz nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə yenidən qurulacaq, azərbaycanlılar öz ata-baba yurdlarına qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar. Bütün xalqımız kimi, məcburi köçkünlər də yalnız Sizə inanır, yalnız Sizə etibar edirlər! İnanırlar ki, Azərbaycanı qarşıdakı illərdə daha böyük qələbələr, daha çox uğurlar gözləyir. İnanırlar ki, bütün bu qələbələr, o cümlədən torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad olunması məhz Sizin adınızla bağlı olacaqdır! Sizi əmin edirəm ki, bu sahədə qəbul etdiyiniz bütün fərman və sərəncamların, verdiyiniz tapşırıqların icrası vaxtında və keyfiyyətlə təmin ediləcəkdir" Həsənov çıxışının sonunda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti