Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/
Türkiyə Xocalı soyqırımının tanınması üçün Azərbaycana faktların toplanmasında və bununla bağlı dünya səviyyəsində təbliğatın aparılmasında yardım etməyə hazırdır. Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisi sədrinin 1-ci müavini Mehmet Sağlam deyib.
Onun sözlərinə görə, ermənilərin türklərə qarşı soyqırımlarının tanıdılması üçün hər iki ölkənin parlamentlərindən daha çox elmlə məşğul olan insanlar və elmi araşdırma mərkəzləri birlikdə işləməlidirlər. Onlar bunun üçün ortaya bir sübut, fakt qoymalıdırlar.
Mehmet Sağlam deyib ki, Xocalının soyqırım olduğunu 2 tərəf - Azərbaycan və Türkiyə də isbat edə və onu dünya səviyyəsinə çıxararaq təbliğat apara bilər. Türkiyə Böyük Millət Məclisi sədrinin 1-ci müavini Türkiyənin bu məsələdə Azərbaycana həmişə yardımçı olmağa hazır olduğunu söyləyib.
O qeyd edib ki, "erməni soyqırımı"nın 2015-ci ildə keçiriləcək 100 illiyi ilə əlaqədar Ermənistan tərəfindən bir xeyli işlər görülür. Türkiyə parlamenti də buna cavab vermək üçün hazırlıq görür. Bununla əlaqədar bəzi konfranslar və forumlar keçirilir. Türkiyə Ermənistanın bu soyqırımla bağlı apardığı işlərə cavab vermək üçün əllərində daha çox sənədlərin və sübutların olmasını istəyir.
Mehmet Sağlamın sözlərinə görə, Azərbaycan Xocalı soyqırımı ilə bağlı hansı addımları atıbsa, Türkiyə də hər zaman o addımları atıb. O bildirib ki, əslində onlar Xocalı soyqırımını bir soyqırım kimi tanıyırlar.
"Xocalı soyqırımı məclisimizdə dəfələrlə müzakirə olunub. Bizim məclisimiz Xocalı haqqında onsuz da bəzi qərarlar verib. Biz özümüz ölkə olaraq, soyqırım məsələlərinin, xüsusilə də 1919-cu il hadisələrinin hər hansı ölkənin parlamentində rəsmi şəkildə tanınmasına qarşıyıq. Dünyanın hər hansı parlamentinin belə qərarlar verməsini qınayırıq. İstəyirik ki, 1915-ci il hadisələrini elm adamları müzakirə etsinlər və arxivləri araşdırsınlar".
Mehmet Sağlam əlavə edib ki, soyqırım qərarını məclislər deyil, məhkəmələr verməlidirlər. Əgər məhkəmə hər hansı hadisəni soyqırım olaraq qəbul etsə, bu halda parlametdə də bu barədə qərar verilə bilər.