...

Mübariz Əhmədoğlu: Ermənistan ATƏT MQ-nin həmsədr ölkə prezidentlərinin növbəti bəyanatını da düzgün oxumadı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2013 12:28 (UTC +04:00)
Ermənistan ATƏT MQ-nin həmsədrləri olan ölkə prezidentlərinin növbəti bəyanatını da düzgün oxumadı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Ermənistan ATƏT MQ-nin həmsədr ölkə prezidentlərinin növbəti bəyanatını da düzgün oxumadı

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.Mehdiyev/

Ermənistan ATƏT MQ-nin həmsədrləri olan ölkə prezidentlərinin növbəti bəyanatını da düzgün oxumadı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT Minsk qrupunun həmsədrləri ölkə prezidentlərinin bəyanatına verdiyi reaksiya bunu sübut etdi: "Həmsədr ölkə prezidentlərinin bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yol xəritəsi çəkilib: Açıq qalmış məsələlər razılaşdırılmalı, çərçivə prinsipləri müəyyənləşdirilməli, Böyük Sülh Sazişi hazırlanmalıdır. Ermənistan yalnız çərçivə sazişini imzalamaq istəyir. Həmsədr ölkə prezidentləri 2009-cu ildə yayılmış Yenilənmiş Madrid Prinsiplərinə dəstəklərini bir daha nümayiş etdirdilər. Ermənistan bu vaxta kimi o sənədin adını düzgün demir: "yenilənmiş" sözü rəsmi Yerevan üçün ağırtonnajlı yükə çevrilib".

Əhmədoğlunun sözlərinə görə, Nalbandyanın Yenilənmiş Madrid Prinsiplərinə verdiyi son ad "6 prinsip" oldu. Yenilənmiş Madrid Prinsiplərində Helsinki Yekun Aktı prinsiplərinin ardıcıllığını da rəsmi Yerevan yenidən dəyişdi: "Millətlərin öz müqəddəratını təyinetmə" prinsipini üçüncü yox, ikinci yerdə təqdim etdi. Əslində bu prinsipin adı "xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə" prinsipidir. Bununla həmsədr ölkə prezidentləri Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu olduğunu bir daha təsdiq etdilər".

Politoloq qeyd edib ki, Ermənistanın borc götürərək silahlanmaya pul ayırması xalqı sülhə deyil, müharibəyə hazırlamağın əlamətidir: "Öz əhalisinin kəskinləşən təhsil, səhiyyə və digər sosial problemlərinə diqqət ayırmayıb Azərbaycanın ərazisində qoşun saxlaması da, xalqı sülhə deyil, müharibəyə hazırlamağın əlamətidir. Miqrasiya problemi daha da kəskinləşib, 18 yaşlı hərbi çağrışçı tapmaq böyük problemə çevrilib. Yaranan boşluğu doldurmaq üçün rəsmi Yerevan qızları hərbi xidmətə çağırmağa başladı. Erməni qızlarını hərbi xidmətə çağırmaq da xalqı sülhə yox, müharibəyə hazırlamağın əlamətidir".

Əhmədoğlu vurğulayıb ki, mütəşəkkil aviasiya sistemini dağıdan Ermənistanın Dağlıq Qarabağa aviareys açmaq niyyəti də xalqı sülhə yox, müharibəyə hazırlamağın əlamətidir: "Çox təəssüf ki, həmsədr ölkə prezidentlərinin bəyanatında Ermənistanın xalqı sülhə deyil, müharibəyə hazırlaşdırmaq istiqamətində konkret fəaliyyəti görünmür. Ermənistan rəhbərliyi yol xəritəsini qəbul etdiyini bəyan etməlidir. Azərbaycan münaqişənin tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına imkan verən Böyük Sülh Müqaviləsini hər an imzalaya bilər. Çünki həqiqətən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarıdır. Ermənistan danışıq imitasiyasında maraqlı olduğu üçün açıq qalmış sualların cavablarının tapılmasının müzakirəsindən, Böyük Sülh Sazişinin hazırlanmasından yayınır və yalnız çərçivə sənədi imzalamağa çalışır. Top Ermənistanın meydançasındadır".

Əhmədoğlu hesab edir ki, Ermənistanı Dağlıq Qarabağ tənzimlənməsinə məcbur etməyin vaxtıdır. Politoloq qeyd edib ki, Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistan dövlətçiliyini süquta aparır, dünya erməniliyini iflasa uğradır: "Dağlıq Qarabağda əhalinin vəziyyəti hədsiz pisdir. Dağlıq Qarabağdan və Ermənistandan Azərbaycana mühüm mesajlar gəlir. Ermənistan rəhbərliyi, şəxsən prezident Serj Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinin zəruriliyini anlayır. Sərkisyan hələ prezident olmazdan öncə də Dağlıq Qarabağ tənzimlənməsinə razı idi, çünki o, münaqişənin tənzimlənməmiş qalmasının ermənilərin başına açdığı və açacağı oyunu çox gözəl bilirdi. Sadəcə, hiyləgər "Serjik" çalışdı ki, bu sənədi eks-prezident Robert Koçaryan imzalasın - alınmadı. Prezident seçildiyi ilk ildə də o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənədi imzalamağa hazır idi".

Əhmədoğlunun sözlərinə görə, mənşəcə serb olan, ABŞ-ın Ermənistandakı o zamankı səfiri Mari Yovanoviçin antiosmançılıqdan qaynaqlanan antitürkiyəçiliyi Sərkisyanı Dağlıq Qarabağ tənzimlənməsinə dair sənədi imzalamaqdan imtina etməyə məcbur etdi.

Politoloq qeyd edib ki, Sərkisyanın sabiq xarici işlər naziri Vardan Oskanyana hücumlarının bir səbəbi də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlıdır: "Sərkisyan çalışırdı ki, Oskanyan Dağlıq Qarabağ tənzimlənməsində Koçaryanın ermənilərin maraqlarına ziyan vurduğunu açıqlasın. Oskanyan bu addıma getmədi, çünki o, bununla həm də özünün erməni tarixinə ləkə yazmış olurdu. Beləliklə, Qarabağ tənzimlənməsinə dair sənədin imzalanması barədə Sərkisyanın müxtəlif çeşidli oyunları göz qabağındadır. Bunları heç kim heç bir şərt daxilində dana bilməz".

Əhmədoğlu qeyd edib ki, Sərkisyan münaqişənin tənzimlənməsinə dair sənədin imzalanmasını arzulayır, amma özünün deyil, başqasının satqın obrazının yaradılmasını istəyir.

Politoloq hesab edir ki, Ermənistan dövlətini xilas etmək, bu xalqa həqiqi dostluq göstərmək istəyənlər üçün unikal şans yaranıb: "Ermənistan rəhbərliyinin razılığını gözləmədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində məcburi addımların atılmasına başlamaq. Bu gün Ermənistan rəhbərliyi, ölkənin ictimai-siyasi mühiti Qarabağ münaqişəsinin tənzimləməsinə məcbur edən qüvvələrin qarasına danışsalar da üç-dörd ildən sonra dua edəcəklər. Onsuz da Ermənistan bu gün həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqından narazıdır. Yeganə narazı olmadıqları İrandır, onun da vaxtı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti