Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması Azərbaycanda turizmin sürətli inkişafına mane olur. Trend-in Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən verdiyi məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini, Azərbaycan Milli Məclisinin deputatı Asəf Hacıyev QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclasında çıxışı zamanı deyib.
Toplantıda "Turizm iqtisadi inkişafın mühüm amili kimi: QDİƏT regionunda əməkdaşlıq" mövzusunda müzakirələr zamanı çıxış edən Hacıyev qeyd edib ki, buna baxmayaraq, Azərbaycanda bu sahə inkişaf etməkdədir. Amma işğal faktı turizm potensialından tam istifadə olunmasına imkan vermir.
Hacıyev çıxışında Ermənistanın işğalçılıq siyasətinin digər dövlətlərin nümayəndələri tərəfindən də faktlarla səsləndirildiyini bildirib. Buna nümunə kimi, o, Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentində çıxışını xatırladıb: "Həmin çıxışında xanım Aureliya Qriqoriu işğal və onun törətdiyi ağır nəticələri faktlarla sadalayıb. Amma bundan sonra Moldova ombudsmanı Ermənistanda təzyiq və təhdidlərə məruz qalıb, ölümlə hədələnib. Xanım ombudsman iki gün qaldığı hoteldən çıxa bilməyib. Yalnız digər dövlətlərin diplomatik nümayəndəliklərinin səyi ilə öz ölkəsinə təhlükəsiz yola salınıb".
Hacıyev qeyd edib ki, Ermənistan nümayəndə heyəti isə bu faktları gizlətməyə çalışıb. Toplantıda iştirak edən erməni deputatlar belə bir hadisənin olmadığını iddia ediblər. Amma Moldova ombudsmanının Kişinyovda keçirdiyi mətbuat konfransda bütün faktlar bir daha səsləndirildi, Ermənistanda ona qarşı olan təzyiqlər haqqında məlumatlar verildi.
Millət vəkilinin sözlərinə görə, ermənilər bu faktların qarşısında aciz qalırdılar: "Eyni zamanda, tədbirdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri haqqında digər faktlar da Azərbaycan nümayəndələri tərəfindən diqqətə çatdırıldı. Bildirildi ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik bu işğalçılıq siyasətinə son verilməsi üçün qətiyyətli addımlar atmalıdır. Ermənilər isə çox gülünc arqumentlərlə cavab verməyə çalışırdılar. Deyirdilər ki, həmin torpaqlar işğal edilməyib, "geriyə qaytarılmış" torpaqlardır. Amma bir daha onların nəzərinə BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər çatdırıldı. Həmin sənədlər isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sənədlərdə torpaqlarımızın işğal olunması faktları da öz əksini tapır. Yəni ermənilərin fikirləri cəfəngiyatdan başqa bir şey deyil. Beləliklə, Azərbaycan nümayəndə heyəti 12 dövlətin təmsil olunduğu QDİƏT PM-in tribunasından Ermənistanın yalan üzərində qurulmuş siyasətini bir daha ifşa etdi".
Hacıyev bildirib ki, QDİƏT PM-in toplantısında İstanbulun 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi məsələsi də müzakirə olunub və bu təşəbbüsü Ermənistan istisna olmaqla quruma üzv olan digər dövlətlərin nümayəndələri dəstəkləyiblər: "Ermənistan isə hər zamankı kimi başqa yol tutdu. Bu, həmin dövlətin qeyri-konstruktiv mövqeyinin, beynəlxalq birliyin əleyhinə getməsinin göstəricisidir".
QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclası öz işini davam etdirir.
Qeyd edək ki, Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı və Jalə Əliyeva QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclasında iştirak etmək üçün Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdədirlər.