...

Gəray Fərhadov: Həsən Həsənovun cənazəsini Prezident İlham Əliyevin təkidi nəticəsində qaytarmaq mümkün olub (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2014 12:37 (UTC +04:00)
"Oğlum Həsən Həsənov Vətənim və Azərbaycan xalqı uğrunda şəhid olub. Mən bununla fəxr edirəm".
Gəray Fərhadov: Həsən Həsənovun cənazəsini Prezident İlham Əliyevin təkidi nəticəsində qaytarmaq mümkün olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Oğlum Həsən Həsənov Vətənim və Azərbaycan xalqı uğrunda şəhid olub. Mən bununla fəxr edirəm". Trend xəbər verir ki, bunu Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun atası Fərman Həsənov oğulunun dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

F.Həsənov ailə adından Azərbaycan oğlunun cənazəsinin qaytarılmasında göstərdiyi səylərə görə dövlətimizə və Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Prezident İlham Əliyev, demək olar ki, hər gün bu məsələ ilə maraqlanıb. Biz Prezidentimizə təşəkkür edirik".

Dəfn mərasimdə iştirak edən, Kəlbəcərdə Həsən Həsənov öldürüldüyü zaman ermənilər tərəfindən girov götürülmüş iki şəxsdən biri - Dilgəm Əsgərovun qardaşı Sahib Əsgərov da ölkə başçısına təşəkkür edib: "Mərhumun meyitinin qaytarılmasında göstərdiyi diqqətə görə Prezidentimizə təşəkkür edirik. Biz bilirik ki, Dilqəm və Şahbazın geri qaytarılması üçün də ölkə başçısı əlindən gələni edir. Ümid edirik ki, onlar da tezliklə sağ-salamat geri qaytarılacaqlar".

Mərasimdə iştirak edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov isə jurnalistlərə bildirib ki, məhz dövlət başçısının səyi və təkidi nəticəsində H.Həsənovun cənazəsini qaytarmaq mümkün olub. O, qeyd edib ki, Həsən Həsənovun dəfninin təşkili və digər xərclər onun anadan olduğu Cəbrayıl rayonunun İcra Hakimiyyəti tərəfindən ödəniləcək.

Kəlbəcərdə ermənilər tərəfindən qətlə yetirilmiş Həsən Həsənov Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonu ərazisində erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmiş Həsən Həsənovun nəşi ekspertiza üçün aparıldığı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülərək Binəqədi rayonuna aparılıb.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçiləri tərəfindən 11 iyul 2014-cü il tarixdə qətlə yetirilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi oktyabrın 2-də qarşı tərəfdən alınıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, insidentsiz başa çatan proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilib.

Əlavə edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti