...

Vilnüsdə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 10:34 (UTC +04:00)

Bakı. Trend:

Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Vilnüs şəhərində silsilə tədbirlər (anım mərasimi, qanvermə aksiyası və fotosərgi) keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ilk tədbir fevralın 20-də keçirilib. Səfirlik Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrup və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Sarayında (Ratuşa) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Litva Seymində Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri və üzvləri, dövlət qurumlarının nümayəndələri, Litvada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ölkənin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 200-dən artıq insan iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb.

Səfir bu il Xocalı soyqırımını rəsmi tanıyan ölkələrin sayının artdığını vurğulayıb. Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinə, TEAS-a və Litvanın Milli Qan Mərkəzinə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirə qoşulduqları, eləcə də qonaqlara Azərbaycan xalqına həmrəylik nümayiş etdirərək tədbirə gəldikləri üçün öz minnətdarlığını bildirib.

Litva Seymində İnsan hüquqları komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik çıxış edərək Xocalı soyqırımının ən qanlı faciələrdən biri olduğunu bildirmiş, bununla bağlı rəhbərlik etdiyi qrupun adından və öz adından Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verib. İnsanlığa qarşı törədilmiş bütün əməlləri qınadıqlarını qeyd edərək, Litva Respublikasının daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək 25 il öncə Xocalıda qəddarcasına 613 kişi, qadın və uşaqların qətlə yetirildiyini qeyd edərək, Xocalı soyqırımını törətmiş cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb və Xocalı şəhərində baş vermiş hadisələrin yaddaşdan silinməyəcəyini bildirib.

Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyin Litva dilinə tərcümə etdirdiyi qısa metrajlı film (video təqdimat) nümayiş olunub. Daha sonra qonaqlar üçün Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş musiqi proqramı təqdim edilib. Litvanın məşhur opera müğənnisi (soprano) Nomeda Kazlaus Azərbaycan dilində “Qəmgin mahnı” (Tofiq Quliyev) və Litva dilində “Eleqiya” (Zita Brujaite), Litva Musiqi və Teatr Akademiyasının dosenti, “Trimitas” Milli Orkestrin rəhbəri (bariton) Devidas Staponkus Azərbaycan dilində “Ana” (Sevil Əliyeva) və Litva dilində “Təpələr arxasında” (Juozas Tallat-Kelpsa) mahnılarını oxuyublar. Strasburqun “Rhein” kvarteti tərəfindən isə Əfrasiyab Bədəlbəylinin “Azad bir quşdum” mahnısı və Fransız bəstəkarı Pyer Tiloyun Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı əsəri ifa edilib. Tədbirdə qonaqlara Xocalı soyqırımı ilə bağlı Litva dilində nəşr edilmiş buketlər və Fransız bəstəkarı Pyer Tiloyun “Xocalı 613” adlı əsərinin CD diskləri paylanılıb.

Fevral ayının 21-də Litva Milli Qan Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Həyat üçün qan” adlı qanvermə aksiyası keçirib. Qanvermə aksiyasının əsas məqsədi Litvada qanazlığından əziyyət çəkən xəstələrə kömək etmək olub. Aksiyada səfir, səfirliyin əməkdaşları, Litvada təhsil alan Azərbaycanlı tələbələr və litvalılar iştirak ediblər. Milli Qan Mərkəzinin məlumatına əsasən aksiya zamanı 42 nəfər qan verib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Həyat üçün qan” adlı qanvermə aksiyası səfirlik tərəfindən ardıcıl olaraq üçüncü ildir keçirilir və Litva ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qarşılanır.

Fevral ayının 22-də Litva Soyqırım Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi açılıb. Muzeyin sərgi zalında Xocalı soyqırımı zamanı çəkilmiş 20-dək fotoşəkil nümayiş olunub. Fotosərgi iki həftə nümayiş olunacaq. Tədbiri giriş sözü ilə açan səfir Həsən Məmmədzadə Xocalı soyqırımının XX əsr tarixinin ən qanlı səhifələrindən biri olduğunu, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından zorla çıxarılan bir milyondan artıq azərbaycanlının öz vətənlərində qaçqın və məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb. Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, onun bütün azərbaycanlıların xatirəsində əbədi iz qoyduğunu vurğulayan səfir bu faciəni bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi dəyərləndirib, Xocalıda insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildiyini bildirib. Xocalı soyqırımı qurbanları və onların ailə üzvləri beynəlxalq təşkilatlardan qətliama ədalətli qiymət verilməsini gözlədiklərini qeyd edən səfir Xocalı soyqırımının beynəlxalq təşkilatlar tərəfindən tanınmasının vacibliyini vurğulayıb. O, Xocalı soyqırımının 10-dan artıq dövlətin parlamenti və ABŞ-ın 21 ştatı tərəfindən rəsmən tanındığını qonaqların diqqətinə çatdırıb.

Litva Seymində İnsan hüquqları komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik çıxış edərək Xocalı soyqırımını bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət adlandırıb və bu qətliamın beynəlxalq səviyyədə lazımınca qiymətləndirilmədiyindən təəssüfləndiyini qeyd edib. O, beynəlxalq təşkilatlar tərəfindən bu faciənin əsl adı ilə - soyqırım adlandırılacağına ümidvar olduğunu bildirib.

Litvada yaşayan soydaşımız, Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev çıxış edərək Xocalı hadisələrinin baş verməsində Ermənistanın keçmiş prezidenti Pobert Kocaryanı, hazırkı prezident Serj Sarkisyanı, keçmiş müdafiə naziri Seyran Ohanyanı günahlandırıb və o dövrdə erməni hərbi birləşmələrinin rəhbəri olmuş, Ermənistanın hazırkı prezidenti S.Sarkisyanın Xocalı faciəsi ilə bağlı məşhur britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsindən sitatlar gətirib.

Litva Soyqırım Muzeyinin tarix idarəsinin rəhbəri Ramune Dryaçünaite çıxış edərək keçən əsrin 40-50-ci illərində bu binada mindən artıq litvalının güllələndiyini bildirib və Xocalı soyqırımı qurbanlarının xatirəsinin burada yad edilməsinin təsadüfi olmadığını vurğulayıb. R.Dryaçünaite XX əsrdə baş vermiş iki dünya müharibəsindən insanların çox az nəticə çıxardıqlarını, hələ də ərazilərin işğal edildiyini və bunun yekununda dinc əhalinin qırğınlara məruz qaldığını bildirib. O, gələcəkdə Xocalı soyqırımı kimi qanlı faciələrin təkrarlanmaması üçün tarixdən nəticə çıxarmağın zamanının gəldiyini qeyd edib. Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyin Litva dilinə tərcümə etdirdiyi qısa metrajlı film (video təqdimat) nümayiş edildikdən sonra qonaqlar sərgi ilə tanış olublar. Səfir Həsən Məmmədzadə Xocalı soyqırımı ilə bağlı Litva televiziya və radio kanallarına müsahibələr verib. Anım mərasimləri ilə bağlı Litvanın “15min.lt”, lrytas.lt”, “pogon.lt”, “muzikasajunga.lt”, “slaptai.lt”, “kauno.diena.lt” və digər nüfuzlu informasiya agentlikləri və internet portallarında məqalələr dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti