Avropa Şurası Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycandan itkin düşən 5000 min insanın taleyinə biganə qala bilməz. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.
Qeyd edək ki, AŞPA-nın Azərbaycan, Gürcüstan və Ermənistanda itkin düşən şəxslər üzrə məruzəçisi Leo Platvoet iyunun 7-də hazırlayacağı məruzə ilə bağlı Azərbaycana gəlib.
G.Hacıyeva qeyd edib ki, Azərbaycan tərəfi üçün Avropa ictimaiyyətinin diqqətini bu humanitar faciəyə yönəlmək o qədər də asan olmayıb: "Ermənilər buna mane olub. Ermənistan işğalın doğurduğu humanitar və digər insani faciələrlə bağlı Avropa ictimaiyyətini informasiya blokadasında saxlamağa cəhd göstəriblər. Azərbaycan 2001-ci ildən bu mövqeyə qarşı kəskin mübarizə aparıb". Millət vəkili onu da bildirib ki, 2001-ci il aprelin 25-də Dağlıq Qarabağ və Ermənistanda saxlanılan əsirlərlə bağlı AŞPA tərəfindən ilk sənəd qəbul olunub. Lakin erməni diasporunun fəaliyyəti nəticəsində bu məsələ ilə bağlı məruzəçi təyin olunmadı. Çünki ermənilər bu problemin araşdırılmasında maraqlı deyillər.
G.Hacıyeva qeyd edib ki, bu insani faciənin miqyası Cənubi Qafqaz bölgəsində olan ölkələrlə müqayisədə Azərbaycanda çox böyükdür: "Azərbaycanda 5000 insan itkin düşüb. Bu faciəni onların yaxınları, valideynləri, ailə üzvləri çəkir. Ermənistanda isə itkin düşənlərin sayı 500-dür. Onların da əksəriyyəti əslində münaqişəyə cəlb olunmayıb". Millət vəkili onu da bildirib ki, işğal Azərbaycan ərazilərində həyata keçirildiyindən itkin düşənlər, əsir və girov götürülənlər məhz bu ərazilərdəndir.
Millət vəkili onu da vurğulayıb ki, bu məsələ ilə bağlı AŞPA tərəfindən məruzəçinin təyin olunması Azərbaycanın uğurudur. Eyni zamanda Avropa məkanında bu məsələdə biganəlik buzu əriməkdədir: "Bu məsələ AŞPA-nın gündəliyinə salınacaq və avropalı parlamentarilər bir daha ərazimizdə ermənilər tərəfindən törədilən insani faciələrin növbəti mərhələsi ilə tanış olmaq imkanı qazanacaqlar".
G.Hacıyeva onu da bildirib ki, bu məsələ ilə bağlı məruzəçi Leo Platvoet Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşəcək: "Əsir, girov və itkin düşmüşlər üzrə dövlət komitəsinin rəhbərləri, xarici işlər naziri, respublikanın baş prokuroru, Milli Məclisin nümayəndə heyəti, itkin düşən şəxslərin ailə üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərləri və bir sıra QHT rəhbərləri ilə görüşləri olacaq".