...

MSK katibi: "Ermənilər Azərbaycan torpaqlarının işğalına hüquqi don geydirmək üçün seçki oyunları təşkil edirlər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni separatçılarının qondarma "prezident seçkiləri" keçirmək təşəbbüsü bir qrup şəxsin özbaşınalığıdır. Bu fikirləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağda erməni separatçılarının istənilən hərəkətləri qanunsuz olduğu üçün hər hansı seçki cəhdləri də mənasız və saxta hərəkətlərdir.

MSK katibinin sözlərinə görə, ermənilər sadəcə olaraq Azərbaycan torpaqlarının işğalına hüquqi don geyindirmək üçün belə seçki oyunları təşkil edirlər.

"Hər bir seçki insanların, çoxluğun iradəsini əks etdirməli, həmçinin beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağda yerli əhali olan azərbaycanlılar öz milli mənsubiyyətlərinə görə oradan qovulublar. Yəni, bu seçkidə Dağlıq Qarabağın azərbaycanlı sakinləri iştirak etmir, onların iradəsi nəzərə alınmır. Digər tərəfdən, işğal olunmuş Dağlıq Qarabağda heç bir tədbir nə Azərbaycan, nə də beynəlxalq qanunlara söykənmir"-deyə MSK katibi açıqlama verib.

Məmmədov bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində prezidentlik institutu mövcud deyil. Azərbaycan ərazisində yalnız dövlətin və rəsmi orqanlarının təyin etdiyi seçkilər keçirilir.

Xəbər lenti

Xəbər lenti